Adətən rahat və faydalı qəlyanaltı hesab edilən protein batonları həzm sisteminə ciddi yük yarada bilər.
HİT.az xəbər verir ki, “Parade” nəşrinin məlumatına görə, həkimlər bu ultraemal olunmuş məhsulu qəbul etmək vərdişinə yenidən baxmağa çağırırlar.
Qastroenteroloq və mikrobiom üzrə mütəxəssis Savita Srivastava bu qəlyanaltını təxminən 10 il ərzində hər gün qəbul edib, lakin sonradan ondan tamamilə imtina edib.
O qeyd edir ki, istehsalçılar “sağlam qəlyanaltı” adı altında bağırsaqlara aqressiv təsir göstərən komponentləri gizlədirlər.
Bunlara aşağıdakılar daxildir:
* Süni liflər (inulin, kasnı kökü ekstraktı): bağırsaqlardakı bakteriyalar onları həddindən artıq sürətlə fermentasiya edir və bu, kəskin ağrı və güclü köpə səbəb olur.
* Şəkər əvəzediciləri (eritritol, sorbitol, maltitol, ksilitol): demək olar ki, həzm olunmur, bağırsaqlara su çəkir, ishal və qaz yaranmasına səbəb olur.
* Ağır konsentratlaşdırılmış protein: zərdab və ya soya izolyatları quar və ksantan saqqızı ilə birlikdə mədədə uzun müddət qalaraq ürəkbulanma və ağırlıq hissi yarada bilər.
Həkim Nilima Reddi əlavə edir ki, bunlar ultraemal olunmuş qidalardır və zavod şəraitində emal zamanı bütöv məhsullara xas olan qida maddələrinin kompleks balansını itirirlər.
Sağlam alternativlər
Srivastava sənaye üsulu ilə hazırlanan qəlyanaltıları adi qidalarla əvəz etməyi və ya qablaşdırmanın üzərindəki tərkib məlumatlarını daha diqqətlə oxumağı tövsiyə edir.
Hazır batonlar almağa davam etdiyiniz halda isə o, təbii protein mənbələri, məsələn, çətənə və ya balqabaq tumları, yumurta ağı və ya qoz-fındıq pastası ilə hazırlanmış məhsullara üstünlük verməyi, təmizlənmiş protein izolyatlarından isə uzaq durmağı məsləhət görür.
Həkim həmçinin qarğıdalı lifləri və kasnı kökü ekstraktı kimi süni liflərdən çəkinməyi tövsiyə edir. Bunun əvəzinə məhsulun tərkibində yulaf, qoz-fındıq, xurma və ya toxum kimi sadə komponentlərin olmasına diqqət yetirmək lazımdır.
Mütəxəssis həzm üçün ən yaxşı və asan variantın bütöv qidalardan ibarət sadə kombinasiyalar olduğunu bildirir. Məsələn, bir ovuc duzsuz qoz-fındığı təzə meyvə, tünd şokolad və ya xırtıldayan sobada bişirilmiş noxudla birlikdə qəbul etmək olar.
Narahatlığın başqa bir səbəbi – FODMAP karbohidratları
Mütəxəssis Loretta Harvi şişkinlik, qıcqırma, gəyirmə və qazın tez-tez çətin mənimsənilən FODMAP karbohidratlarından qaynaqlandığına diqqət çəkir. Bu maddələr süd, buğda, paxlalılar, soğan, sarımsaq və balda olur.
Lakin onları uzun müddət ərzində tamamilə rasiondan çıxarmaq tövsiyə edilmir, çünki bu məhsullar faydalı qida mənbələridir.
Əgər qarında narahatlıq və ağrılar davamlı olaraq təkrarlanırsa, dəqiq səbəbi müəyyənləşdirmək və qidalanmanı təhlükəsiz şəkildə tənzimləmək üçün qastroenteroloqa müraciət etmək daha məqsədəuyğundur.
Samir


