Son dövrlərdə bir çox ölkədə hərbi xidmətə yanaşma dəyişir, ənənəvi modellər yerini daha çevik və müasir sistemlərə verməyə başlayır.
Xüsusilə xidmət müddətinin fərqli kateqoriyalar üzrə tənzimlənməsi və peşəkar ordu modelinə keçid məsələsi geniş müzakirə olunur. Bu dəyişikliklər fonunda Azərbaycanda da hərbi xidmətin formatı ilə bağlı müxtəlif fikirlər irəli sürülür və mövzu ictimai diqqət mərkəzinə gəlir.
Müzakirə olunan təkliflərdən biri də çağırışçıların təhsil səviyyəsinə uyğun fərqli xidmət müddətinin tətbiq edilməsidir. Belə ki, ali təhsil almış gənclər üçün daha qısa – məsələn, yarımillik xidmət, digər çağırışçılar üçün isə daha uzun müddətli xidmət variantı irəli sürülür. Bu yanaşmanın həm insan resurslarının daha səmərəli istifadəsinə, həm də orduda planlamanın daha çevik qurulmasına şərait yarada biləcəyi qeyd olunur.
Bununla belə, əsas sual açıq qalır: ali təhsilli gənclər üçün xidmət müddətinin qısaldılması nə dərəcədə məqsədəuyğundur və optimal müddət hansı olmalıdır?
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Hit.az-a açıqlamasında deyib ki, ali təhsilli gənclər üçün müəyyən güzəştlərin olduğu qeyd olunur:

“Məlumdur ki, hazırda ali təhsilli şəxslər 1 il, orta təhsilli çağırışçılar isə 1 il 6 ay müddətində hərbi xidmət keçirlər. Müqayisə üçün qeyd edək ki, qardaş Türkiyədə təhsil səviyyəsindən asılı olmayaraq hərbi xidmət müddəti 6 ay təşkil edir. Dünyada baş verən proseslər göstərir ki, çağırış sistemi öz aktuallığını qoruyub saxlayır və bu modelin tam ləğvi real görünmür”.
Ekspert diqqətə çatdırıb ki, bu sistem müəyyən mənada təhsil pillələri ilə müqayisə olunur:
“Necə ki, orta təhsil ali təhsilin əsasını təşkil edir, eyni şəkildə hərbi xidmət də gənclərin gələcək karyera seçimlərinə təsir edən bir mərhələ kimi çıxış edir. Belə ki, hərbi xidmətə gedən gənclər məhz bu müddətdə orduda qalmaq, gizir və ya peşəkar hərbçi kimi fəaliyyət göstərmək, yaxud fərqli sahəyə yönəlmək barədə qərar verirlər”.
Həmsöhbətimizin fikrincə, ali təhsilli şəxslər üçün xidmət müddətinin azaldılması məsələsinə gələcəkdə yenidən baxıla bilər. Lakin bu, həm qlobal, həm də regionda baş verən proseslərdən birbaşa asılı olacaq.
Günel Cəlilova


