Azərbaycanla Maldiv arasında yeni mərhələ: Turizm inkişaf edəcək

TURİZM
13:00 / 30.04.2026
114

Dünəndən etibarən Azərbaycan və Maldiv adaları arasında vizasız gediş-gəliş dövrü rəsmən başlayıb.
 
Azərbaycan Respublikası ilə Maldiv Respublikası arasında 24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış “Ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün bütün zəruri dövlətdaxili prosedurlar yekunlaşıb. 

Xarici İşlər Nazirliyi sənədin müvafiq müddəalara uyğun olaraq 29 aprel 2026-cı il tarixindən etibarən rəsmən qüvvəyə mindiyini açıqlayıb. Yeni qaydalara əsasən, hər iki ölkənin etibarlı ümumvətəndaş pasportuna sahib olan vətəndaşları qarşı tərəfin ərazisinə daxil olmaq, tranzit keçmək və ya oranı tərk etmək üçün viza almaq öhdəliyindən azad edilirlər. Üstəlik, bu saziş vətəndaşlara giriş tarixindən etibarən 90 gün müddətində vizasız qalma hüququ tanıyır. 

Qeyd edək ki, bu addım iki ölkə arasında turizm əlaqələrinin canlandırılması və vətəndaşların gediş-gəlişinin asanlaşdırılması istiqamətində mühüm mərhələ hesab olunur. Artıq Azərbaycan vətəndaşları Maldiv adalarına səyahət edərkən heç bir viza proseduru ilə qarşılaşmadan birbaşa pasportları ilə ölkəyə daxil ola bilərlər.

Turizm eksperti Ceyhun Aşurov Hit.az-a açıqlamasında bildirib ki, indiyə kimi də viza proseduru çox mürəkkəb olmadığından vətəndaşlarımız Maldiv adalarına gedirdilər:


“Lakin proses sadələşib. İki iki ölkə arasındakı turizm əlaqələri inkişaf etdiyi üçün baryerlər tamamilə aradan qaldırılır. Maldiv adaları tam bir turizm ölkəsidir. Hesab edirəm ki, Azərbaycanla vizanın ləğv olunmasından sonra ölkəmizdən bu istiqamətdə gedən turistlərin sayı daha çox olacaq. Üstəlik, Maldiv bütün dünyada olduğu kimi bizim turistlərin də ən çox sevdiyi istirahət məkanlarından biridir. Ona görə də bu addımı çox müsbət dəyərləndiririk”.

Ekspert qeyd edib ki, bundan sonra Maldivdən də ölkəmizə gələn turistlərin sayında ciddi artım ola bilər:
“Məsələn, son 2 ildə adıçəkilən ölkədən Azərbaycana gələn turist sayı təxminən 10 dəfə artıb. Viza rejiminin ləğv olunması ilə bu göstərici daha da yüksələcək. Görünən odur ki, tərəflər arasındakı turist mübadiləsi xeyli inkişaf edəcək. Çünki viza rejiminin ləğv olunmasından sonra birbaşa uçuşlar daha sərfəli olacaq. Bu isə öz növbəsində turist sayına müsbət təsir edəcək”.

Pərviz

0