Din və fəlsəfə arasında münasibət tarix boyu müzakirə olunan mürəkkəb və çoxşaxəli bir mövzudur.
Bu iki sahə bəzən bir-birini dəstəkləyən və tamamlayan düşüncə sistemləri kimi çıxış edir, bəzən isə fərqli yanaşmaları səbəbilə ziddiyyət təşkil edir.
Bəs din və fəlsəfə bir-birini tamamlayır, yoxsa inkar edir?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, əslində fəlsəfədə də Allah axtarışı var:
“Fəlsəfə fikir yürütmək, ağıl işlətmək, düşünmək, irədə ilə varlıqlar, hadisələr haqda qəti qənaətə gəlməkdir. Quranda bu haqda çoxsaylı ayə var. Hətta İbrahim peyğəmbərin göy cismlərinə baxaraq düşündüyü, Allahın və kainatın sirləri haqda fəlsəfə yürütdüyü qeyd olunur. Yəni, Qurana görə Allaha, dini ehkamlara, axirətə kor-koranə, düşünmədən inanmaq tövsiyə olunmur. Üstəlik, peyğəmbərlərin belə düşünüb, elmi yəqinliyə çatıb inandığı deyilir.
Musa peyğəmbərin Tur dağında Allahdan, özünü görməsini diləməsi və Allahın ona bunun mümkün olmadığını vəhy etməsi də fəlsəfədir, əslində. Bəyəm Musa bilmirdimi ki, Allahı gözlə görmək olmaz. Deməli, yəqinliyə, elmi dəqiqliyə çatmaq istəyirdi. Nəticədə, Allah əyani şəkildə izah etdi ki, o yaratdıqları kimi cism deyil, cism olmayan varlıq da bəşər gözü ilə görünə bilməz”.
Ekspert vurğulayıb ki, fəlsəfə müstəqil düşüncədir:
“Bu düşüncə ilə imana gələn adam daha dəqiq inanır. Şübhələr içində qalmır və ağıla gələn suallara cavab tapa bilir, aram olur. Amma düşünmədən inanan şəkk içində, tərəddüdlər içində, bəzən də qorxu səbəbi ilə inanmış kimi görünür. İlk İslam filosofları, Əl Kindi, Fərabi, Əllaf, Nəzzam, Şahham, Cahiz, İbn Rüşd, İbn Sina kimi mütəfəkkirlər fəlsəfə ilə məşğul olublar, dini fəlsəfə ilə uzlaşdırıblar, dini sağlamlaşdırıblar əslində. Dini inanca və ehkamlara fəlsəfi, elmi yöndən şərh veriblər. Əslində fəlsəfənin zidd olmadığını, əksinə dinin dediklərini müstəqil şəkildə araşdırıb təsdiq etmə vasitəsi olduğunu bəyan ediblər.
Kainatın, insanın yaranmasını, həyatın mahiyyətini müsəlman filosoflar Qurana zidd olmadan izah ediblər. Tutaq ki, Fərabi, İbn Sina, Muhyiddin əl Ərəbi vəhyin mahiyyətini elmi, fəlsəfi yöndən izah edərək Peyğəmbərə ilahi sədanın hansı üsulda nazil olduğuna aydınlıq veriblər. Bu da düşüncə adamı üçün imanın kamilliyi deməkdir. Fəlsəfədə dinin qoyduğu sərhədlərdən kənara çıxmalar da ola bilər, çünki müstəqil axtarış, sərhədsiz azad düşüncə sistemidir”.
Lakin onun sözlərinə görə, axırda fəlsəfə də dinin irəli sürdüyü metafizik mesajlara, inanclara yaxınlaşır, bəzən onları elmi yöndən təsdiq etmiş olur:
“Ona görə ki, həqiqət birdir. O həqiqətə doğru din bir cür, fəlsəfə alternativ yolla yürüyür. Əksər vaxtlarda bu yollar sonda eyni mənbəyə qovuşur. Fəlsəfə əslində din adı ilə dinə qarışmış xurafat və mövhumatı əsl dindən ayırmaq üçün bir məhək daşıdır. Ona görə xurafatla qazanc əldə edənlər tarix boyu fəlsəfəyə qarşı gəliblər. Orta əsrlərdə dinə müxalif təbəqənin ortaya atdığı bir çox elmi, fəlsəfi şübhələrə, inkar etmə çağırışlarına məhz Əbul Hüzeyl Əllaf, Cahiz, Nəzzam, Əl Kindi kimi İslam filosofları elmi, fəlsəfi cavablar verib.
Yoxsa ki, mühafizəkar ruhanilər yalnız bu suallardan yayınmaq və bu düşüncənin küfr olduğunu deməklə kifayətlənirdilər. Lakin filosoflar əsl İslamın təməllərini qorumaq üçün fəlsəfəyə baş vurub dinin fəlsəfədən ayrı olmadığını sübut etdilər. Əl Kindi, Fərabi, İbn Sina kimi dahi filosoflar həm yunan, Hind, fars fəlsəfəsini oxuyub araşdırıblar həm də öz fəlsəfələrini ortaya qoyublar.
Nəticədə, Quranın bir çox mesajlarının elmi, fəlsəfi köklərini düşünənlər üçün izah edə biliblər. Orta əsrlərdə Maymonid yəhudi əsilli filosof kimi Tövratın ilahi mesajlarını elmlə, fəlsəfə ilə açırdı və sübutlar ortaya qoyurdu. Dinin fəlsəfəyə zidd olduğunu qəbul etmirdi. Fəlsəfə dinin sağlamlaşması üçün ən vacib və zəruri vasitədir. Quranda demək olar ki, əksər ayələrdə insanlar düşünməyə, fəlsəfə yürütməyə, ağıl işlətməyə çağırılır”.
Günel Cəlilova



