ABŞ Hərbi Dəniz Qüvvələrinin ən köhnə nüvə aviadaşıyıcısı "USS Nimitz" (CVN-68) son dəfə Sakit okeanı tərk edib və bazar ertəsi Maqellan boğazından keçib.
HİT.az "Forbes"ə istinadən xəbər verir ki, superaviadaşıyıcı Vaşinqton ştatındakı Kitsap hərbi-dəniz bazasından Virciniya ştatındakı Norfolk bazasına köçürülür. Gəmi Cənubi Amerikanı dolanaraq Sakit okeandan Atlantik okeanına keçməlidir, çünki ölçülərinə görə Panama kanalından keçə bilmir.
Məlumata görə, bu dönüş bir mənada “evə qayıdış” sayılır. "USS Nimitz" xidmətə 1975-ci ildə qəbul edildikdən sonra ilk 12 ilini Atlantik donanmasının tərkibində keçirib və Norfolka bazasında yerləşib. Daha sonra isə Sakit okean donanmasına verilib və əsasən Vaşinqton və San-Dieqo bölgələrində fəaliyyət göstərib.
CVN-68 gəmisi 1998-ci ildə Norfolka qayıdaraq kompleks təmir və yanacaq doldurma prosesinə daxil olub. Bu işlər 2001-ci ilin iyununda tamamlanıb. Daha sonra sınaqlardan keçərək yenidən Cənubi Amerika ətrafından dövrə vurub və Sakit okeandakı bazasına qayıdıb.
Məqalədə qeyd olunur ki, "USS Nimitz" təxminən 50 illik xidmətinin böyük hissəsini Kitsap bazasında keçirib və buna görə də “Sakit okeanın şimal-qərbinin aviadaşıyıcısı” ləqəbini qazanıb.
Norfolk bazasına bu son keçid onun karyerasında ən son böyük hərəkətlərdən biri ola bilər. Bununla belə, gəmi hələ də Latın Amerikası və Karib hövzəsində tərəfdaş ölkələrlə birgə təlimlərdə iştirak edir.
Samir


