Azərbaycan-Avropa münasibətləri inkişaf edir

SİYASƏT
14:30 / 30.04.2026
148

“Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yenidən bir dinamika müşahidə olunur”. 

Bu sözləri “Cebhe.info” Xəbər Portalının baş redaktoru, siyasi ekspert Rəfail Becanov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Avropa liderlərinin ölkəmizə ardıcıl səfərləri, Prezident İlham Əliyevlə görüşləri və həmin görüşlərdə verilən mesajlar, yeni əməkdaşlıq modelləri ətrafında müzakirələr də bunu açıq şəkildə göstərir:


“Təbii ki, bu münasibətlərin inkişafı həm siyasi, həm də iqtisadi baxımdan hər iki tərəf üçün əhəmiyyətlidir. Son günlər istər Ukrayna Prezidenti Volodimir Zelenskinin, istər Çexiyanın Baş naziri Andrey Babişin Qəbələyə səfərləri də göstərir ki, Avropa ölkələri üçün Azərbaycan xüsusi əhəmiyyət daşıyan əsas ölkədir. May ayının ilk günlərində də İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri olacaq. Avropa ölkələri üçün də aydındır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib və sabit tərəfdaş ölkədir”.

Ekspert qeyd edib ki, bu gün dünyanın 16 ölkəsi Azərbaycandan qaz alır və onların 10-u Avropa İttifaqının üzvüdür:
“Bu, onu göstərir ki, Azərbaycan Avropanın qaz təchizatında mühüm yer tutur və əsas qaz təchizatçısı olan ölkələrdəndir. Yəni Avropanın enerji xəritəsinin zənginləşdirilməsində Azərbaycan xüsusi yer tutan dövlətdir. Başqa sözlə desək, Avropanın enerji təchizatında Azərbaycanın çox əhəmiyyətli və dayanıqlı bir rolu var. Bu fakt Avropa ölkələrinin liderləri, Avropanı təmsil edən müxtəlif beynəlxalq təşkilatlar və institutlar tərəfindən dəfələrlə bildirilib”.

Baş redaktor diqqətə çatdırıb ki, hazırda dünyada davam edən müharibələr fonunda Avropanın enerji təminatı faktiki böhranla üzləşib:
“Bu böhrandan çıxmaq üçün Avropada Azərbaycanı əsas tərəfdaş ölkə hesab edirlər. Çünki Azərbaycanla əlaqələrin inkişafı onların enerji təhlükəsizliyini təmin etmək üçün ən uyğun varinatdır. Azərbaycan dövlət olaraq dünyada etibarlı tərəfdaş kimi sabit imicə malikdir. Bu əlaqələrin inkişafı Avropanın alternativ enerji mənbələrinə çıxışını genişləndirir”.

Rəfail Becanov vurğulayıb ki, Azərbaycan-Avropa münasibətlərin inkişafı təkcə enerji təchizatı ilə məhdudlaşmır:
“Əsas istiqmətlərdən biri də nəqliyyat və logistikadır. Azərbaycan Şərq ilə Qərbi birləşdirən əsas ölkədir. Orta Dəhliz layihəsində mühüm yer tutur. Bu baxımdan Avropa ölkələri üçün tranzit tərəfdaşlıq baxımından da Azərbaycan əvəzedilməz və əsas tərəfdaş ölkə kimi qəbul edilir”.

Elmir Mustafa
 

0