Artıq hər şey bir toxunuş qədər həyatımıza yaxındır.
21-ci əsrin bizə bəxş etdiyi yeniliklərdən biri də onlayn mütailədir. Bəlkə 10-15 il bundan əvvəl kimsə bizə belə vərdişin geniş yayılacağını desə inanmazdıq. Çünki gələcəyi görmək, baş verəcək hadisələrdən xəbərdar olmaq, ən əsası isə bunu cəmiyyətə yaymaq adi hal sayılmazdı. Qeyri-adilikdən kənara çıxaraq artıq minlərlə kitabı cibimizə sığdıra bilirik, qalın kitab yükümüz yoxdur, məlumat əldə etmək üçün kitabxanalarda saatlarla kitablar arasında seçim edə bilməmək kimi bir şansımız qalmayıb.
Rahatlıq həyatımıza girdiyi üçün tələbələr və şagirdlər bu şansı olduğundan çox sevərək istifadə edirlər. İstənilən vaxt telefon və digər cihazlar vasitəsilə istədikləri kitabı oxumaq imkanı qazanırlar.
Bəs niyə onlayn oxumağa bu qədər önəm verdik?
Görünən odur ki, burada vaxt tezliyi, pulsuz əldə edilən PDF-lərin rolu, kitabın elektron versiyasını “Google”dən rahat formada tapmaq imkanı bizi bu sərbəstliyə öyrəşdirdi. Bəlkə də bu rahatlıq əlimizdən alınsa və köhnə illərdəki kimi olsaq kitab oxumağa meyl nə qədər dəyişər. Çox sevilən yazarların kitabına pul verib oxumaqdansa, onun onlayn formatını əldə edərək oxumaq artıq cəmiyyətə yad deyil.
Etiraf edək ki, onlayn mütailə, bizə müsbətliklərlə yanaşı mənfiliklər də gətirir. Günlərini, aylarını, bəlkə də, illərini bu kitabı ərsəyə gətirməyə yönəldən müəllif üçün kitabının bir proqram vasitəsilə oxudulub, internet saytlarında və digər sosial media platformalarında yayılacağını düşünəndə nə qədər məyus olacağın anlamaq çoxda çətin deyil. Sətirlərdə gəzən mənanı bir toxunuşla kopyalamaq və anındaca paylaşmaqla müəllifin əziyyətini heç etmiş oluruq.
Digər tərəfdən, onlayn kitab oxumaq sağlam gözləri zəiflədərək göz nurumuzu əlimizdən almağa bacarır. Kitab oxumaq söz ehtiyyatını çoxaltsa və nitqin inkişafında rol oynasa da saatlarla parlaq ekrandan kitab oxumaq sağlam gözlərimizə mənfi təsir edir...
Arzu İbrəhimova


