DİM-in yeni imtahan modeli necə qiymətləndirilir?

TƏHSİL
14:38 / 28.04.2026
86

Dövlət İmtahan Mərkəzinin DİM) 2027-ci ildən qüvvəyə mindirməyi nəzərdə tutduğu yeni qiymətləndirmə yanaşması ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. 

Xüsusilə xarici dil imtahanlarında planlaşdırılan dəyişikliklər, o cümlədən yazı tapşırığının tətbiqi həm təhsil mütəxəssisləri, həm də sosial şəbəkə istifadəçiləri arasında fərqli fikirlərin yaranmasına səbəb olub. Yeniliyin mahiyyəti ondan ibarətdir ki, imtahanlar artıq təkcə test sualları ilə məhdudlaşmayacaq. Şagirdlərin düşüncələrini məntiqi şəkildə ifadə etmək, fikirlərini əsaslandırmaq və yazılı nitq bacarıqları da qiymətləndirmə meyarlarına daxil ediləcək. Bu yanaşma daha çox analitik düşüncənin və dil biliklərinin real tətbiqinin ölçülməsinə xidmət edir.

Təhsil eksperti Rizvan Fikrətoğlu Hit.az-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi imtahan sistemində yenilənmələr edərək onu beynəlxalq tələblərə yaxınlaşdırmağa çalışır: 

397722

“Bu çərçivədə əsas götürülən yanaşma dil biliklərinin yalnız test sualları ilə deyil, praktik istifadə səviyyəsinə əsasən qiymətləndirilməsidir. Yəni şagirdin dili necə bildiyi yox, onu real situasiyalarda necə tətbiq etdiyi ön plana çəkilir. Yazı və mümkün şifahi bacarıqların qiymətləndirilməsi də bu məqsədə xidmət edir və tədris prosesinin daha səmərəli qurulmasına təsir göstərir”.

Ekspert diqqətə çatdırıb ki, bu tip qiymətləndirmə üsulları artıq bir çox ölkədə geniş yayılıb:

“Çünki yalnız qrammatika və qapalı testlərə əsaslanan yanaşma dil səviyyəsini tam əks etdirmir. Yeni model isə daha çox praktiki bacarıqları üzə çıxarmağa yönəlib. Bununla belə, sistemin bütün detalları hələ tam açıqlanmayıb. Ümumiyyətlə, yeni yanaşmada formal biliklər deyil, real bacarıqlar əsas rol oynayacaq. Bu isə şagirdlərin dili daha dərindən öyrənməsini və praktik şəkildə tətbiq etməsini zəruri edir”.

Günel Cəlilova

0