Buğdanın qiyməti qalxacaq?

İQTİSADİYYAT
12:18 / 30.04.2026
72

Kənd təsərrüfatı sahəsi də yaranmış geosiyasi gərginliyin təsirindən kənarda qalmayıb. 

İrandakı hərbi qarşıdurma xüsusilə kimyəvi gübrə bazarında ciddi dalğalanmalara səbəb olub. Qısa müddətdə qiymətlərin sürətlə yüksəlməsi fermerlərin xərclərini artırıb və bu, 2027-ci il üçün planlaşdırılan taxıl istehsalına risk yaradır. 

Qeyd edək ki, münaqişənin Yaxın Şərqdə əsas nəqliyyat və tədarük marşrutlarını pozması vəziyyəti daha da ağırlaşdırıb. Nəticədə son illərdə ikinci böyük qiymət artımı dalğası müşahidə olunur. 

Bu reallıq fonunda belə bir sual aktuallaşır. Əgər qlobal bazarda təzyiq artarsa, Azərbaycan daxilində də buğdanın qiyməti yüksələ bilərmi? 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, İrandakı münaqişə və gübrə qiymətlərindəki şok 2026-2027-ci il buğda məhsulunun bahalaşma riskini artırır, amma bu birbaşa və dərhal baş verməyəcək: 

“Səbəb aydındır. Yaxın Şərq karbamid və ammonyak kimi azot gübrələrinin ən böyük ixracatçılarından biridir. İran özü də ildə 3-4 milyon ton karbamid satır. Müharibə logistika yollarını bağlayanda, Hörmüz boğazında daşıma riski qalxanda gübrə bazara az çıxır. Son dörd ildə ikinci dəfə qiymət şoku yaşanır. Gübrə fermerin xərcinin 30-35 faizidir. Dünya üzrə buğda qiymətləri isə son aylarda aşağı düşüb. Fermer baha gübrə alıb ucuz buğda satmaq istəmir. Nəticədə iki yol qalır: ya əkin sahəsini azaldır, ya da gübrəni normadan az verir. Hər iki halda gələn ilin məhsuldarlığı düşür və təklif azalır”.

397872

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan da daxil olmaqla bir çox ölkə gübrəni idxal edir:

“Bizdə buğdanın maya dəyərinin artıq 0.35-0.40 manat/kq-ı gübrədir. Gübrə 20-25 faiz bahalaşsa, təkcə bu faktor hesabına buğdanın maya dəyəri 7-9 qəpik qalxır. Üstəlik dizel, daşıma, sığorta da bahalaşır. Lakin buğdanın kəskin bahalaşması üçün daha bir şərt lazımdır: ehtiyatların azalması. Hazırda dünya buğda ehtiyatları son 8 ilin ən aşağı səviyyəsində deyil. Rusiya, Avstraliya, Kanada ötən mövsüm yaxşı məhsul götürüb. Əgər 2026-cı ilin yayında əsas istehsalçılarda quraqlıq və ya İrandakı münaqişə uzansa, onda birja qiymətləri sürətlə qalxacaq. Əks halda, ehtiyatlar hesabına qiymət artımı yavaşıdılacaq”.

Onun sözlərinə görə, mövcud vəziyyət buğdanın bahalaşması üçün zəmin yaradır:

“Xüsusilə 2027-ci ilin ilk yarısında təsir hiss olunacaq, çünki fermerlər bu payız səpiləcək buğda üçün gübrəni indidən baha alır. Artımın miqyası isə üç amildən asılı olacaq: münaqişənin müddəti, dövlətlərin gübrəyə subsidiya verib-verməməsi və 2026-cı ildə əsas ölkələrdə hava şəraiti. Əgər müharibə tez bitməsə və subsidiya olmasa, buğda 2027-ci ilə doğru 10-15 faiz bahalaşa bilər. Münaqişə lokallaşsa və ehtiyatlar işə düşsə, artım 3-5 faiz ətrafında qalacaq”.

Həmsöhbətimiz onu da əlavə edib ki, Azərbaycanda karbamid, yəni azot gübrəsi ölkə daxilində istehsal edilir:

“Bu yerli buğdanın bahalaşmasını bir qədər zəiflədə bilər. Ancaq o da nəzərə alınmalıdır ki, biz ərzaq buğdasının yarıdan çoxunu Qazaxıstan və Rusiyada idxal edirik”.

Günel Cəlilova

0