Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycanda riyaziyyat təhsilinin vəziyyətinə toxunaraq diqqətçəkən bir məqama işarə edib.
Ölkədə formalaşmış güclü riyaziyyat ənənəsinin daşıyıcıları olan müəllimlərin azalması bu sahədə irəliləyişin zəifləməsinə səbəb olub:
“Əvvəlki nəsil pedaqoqların təcrübəsi tədricən itirildikcə, riyaziyyatda ciddi nəticələr əldə etmək çətinləşir. Eyni zamanda xarici dil sahəsində müəyyən inkişaf müşahidə olunsa da, riyaziyyatda bu dinamika hiss olunmur”.
Maraqlıdır, riyaziyyatda geriləmənin səbəbi təkcə müəllim çatışmazlığıdır yoxsa başqa səbəblər var?
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, DİM sədri Məleykə Abbaszadə öz çıxışında haqlıdır:

“Son illər riyazi təfəkkürlə bağlı ciddi problemlər yaşanır. Bunun başlıca səbəbi riyaziyyatı yaxşı bilən mütəxəssislərin bir qisminin ölkədən getməsi, digərlərinin isə artıq pedaqoji fəaliyyətlə məşğul olmamasıdır. Digər fənlərlə müqayisədə ölkədə riyazi təfəkkür ümumi təhsil göstəriciləri üzrə daha aşağı səviyyədədir. Bu problemin aradan qaldırılması üçün ixtisaslaşmış müəssisələrə peşəkar kadrlar cəlb olunmalıdır”.
Ekspert qeyd edib ki, regionlarda riyazi biliyi yüksək olan şagirdlər aşkar edilməli və onlarla xüsusi mütəxəssislər məşğul olmalıdır:
“Həmçinin, son illər humanitar sahələrə maraq daha da artıb. Demək olar ki, hər il 55-60 min nəfər məhz humanitar yönümlü ixtisaslara üstünlük verir, texniki sahələri seçənlər isə azlıq təşkil edir. Bundan əlavə, şagirdlərdə riyaziyyat fobiyasını aradan qaldırmaq üçün tədris vəsaitlərinin dili elə qurulmalıdır ki, məktəblilər çətinliklə üzləşməsinlər”.
Günel Cəlilova


