“ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara yenidən başlama ehtimalı həmişə gündəmdədir”.
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, bu, avtomatik reallaşan bir məsələ deyil:
“40 gün davam edən hərbi əməliyyatlar göstərdi ki, İran müqavimət göstəmək imkanlarını hələ tam itirməyib. Həmçinin, Vaşinqton həm region, həm də qlobal sistem üçün çox yüksək riskləri də nəzərə almaq məcburiyyətindədir. Bu səbəbdən ABŞ hazırda riskləri minimallaşdırmaq üçün bir tərəfdən diplomatik təzyiqi artırmağa, digər tərəfdən isə müttəfiqlərlə koordinasiyanı gücləndirməyə çalışır”.
Ekspert hesab edir ki, bu, İranı masa arxasına qaytarmaq üçün məcburi diplomatiya kimi qiymətləndirilə bilər:
“Yəni məqsəd birbaşa müharibə deyil, qarşı tərəfin davranışını dəyişdirməkdir. Amma bu yanaşma özü də həmişə nəticə vermir, çünki İran uzun illərdir təzyiq altında geri çəkilməkdən çox, müqavimət və uyğunlaşma strategiyası ilə hərəkət edir.
Hazırda tərəflərin yeni həbi əməliyyatlardan maksimum şəkildə qaçmaq istəməsi müşahidə olunur. Amma nüvə proqramı ilə bağlı İran tərəfindən qırmızı xəttlərin keçidi halında və ya dəniz ticarəti və enerji marşrutları ilə bağlı təhlükənin uzun sürəcəyi halda növbəti çəkindirmə məqsədli əməliyyatlar da həyata keçirilə bilər”.
Politoloqun sözlərinə görə, ABŞ ilə İran arasında razılaşma ehtimalı hələ də var:
“Hazırkı gərginlik fonunda əməliyyat ehtimalını tam istisna etmək olmaz. Lakin düşünürəm ki, diplomatik müstəvidə hansısa razılaşmalar ehtimalı hələ də var. Xüsusilə də ABŞ Prezidenti Donald Trampın Çinə səfəri baş tutacağı halda Pekinin də təsirləri ilə İran tərəfini müəyyən güzəştlərə məcbur etmək mümkün olacaq”.
Pərviz



