Azərbaycanın olimpiya mükafatçılarına vəzifə verildi

İDMAN
18:14 / 07.05.2022
1359

Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, yığıncaqda Azərbaycan milli komandalarının məşqçilər korpusu və ABF-də yeni yaradılan komitələrin sədrləri ilə bağlı təyinatlar rəsmiləşib.

İdarə Heyətinin qərarına əsasən, kişilərdən ibarət yığmanın baş məşqçisi Pedro Roke bütün yaş qrupları üzrə komandalara rəhbərlik edəcək və məsuliyyət daşıyacaq. Əsas millidə onunla yanaşı, Nəriman Abdullayev və Ceyhun Abiyev çalışacaqlar.

Gənclərdən ibarət yığmada baş məşqçi Elbrus Rzayevə Vüqar Məmmədovla Elvin Məmişzadə köməkçi təyin ediliblər. Yeniyetmələrdən ibarət milli komanda Vaqif Kazımova həvalə olunub. Onun məşqçilər korpusunda Ağası Məmmədov və Teymur Məmmədov yer alacaqlar. Qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını Yadigar Məmmədov yerinə yetirəcək.

O, İlkin Ağayevlə birgə boksçularımızı yarışlara hazırlayacaq. Federasiyanın tərkibində yeni formalaşan Veteran və Çempionlar Komitəsinin sədri Şahin İmranov olacaq. Hakimlər Komitəsinə isə Emil Qurbanəliyev rəhbərlik edəcək.

Qeyd edək ki, bunlardan Teymur Məmmədovla Şahin İmranov Olimpiadanın bürünc mükafatçılarıdır.

0