Azərbaycanda keçirilən matçlara marağın az olması futbolumuzun əsas problemlərindən biridir.
Düzdür, milli komandamız və klublarımız Avropada oynayanda stadionlara kifayət qədər azarkeş gəlir. Hətta bəzi bəzi oyunlarda biletlər çox qısa müddət ərzində tükənir və stadion tam dolur. Əlbəttə ki, bu, çox gözəldir.
Lakin eyni vəziyyəti daxili oyunlarda görmürük. Azarkeşlərin liqaya və kubok oyunlarına marağı olduqca azdır. Bilet qiymətləri kifayət qədər əlçatan olmasına baxmayaraq, daxili turnirlərdəki oyunların əksəriyyətində stadionlar boş qalır.
Bəs bu problemdən çıxış yolu nədir? Azarkeşləri stadiona cəlb etmək üçün hansı addımlar atılmalıdır?
Futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, Premyer Liqamızda region komandalarının sayını artırmaq lazımdır:
"Düşünürəm ki, ilk növbədə liqamızda region klublarımızın sayı artırılmalıdır. Çünki bölgələrdə futbolu çox sevirlər. Məsələn, Tovuz və Gəncədə azarkeş kütləsi kifayət qədər yaxşıdır. Bundan başqa, Lənkəranda da hər zaman azarkeşlər çoxluq təşkil edib. Regionlarda azarkeş olduğu üçün bölgə komandası Bakıda oynayanda istər-istəməz paytaxtda daha çox adam stadiona gedəcək".
Ekspert qeyd edib ki, liqamızda rəqabətli oyunların sayı çoxalmalıdır:
"Liqada region komandalarını artırmaqla rəqabətli oyunların da sayını artırmaq mümkündür. Çıxış yolu həm də regionlarda klubların sayının çox olmasıdır. Hesab edirəm ki, bu addımları atmaqla azarkeş kütləsini stadionlara geri qaytarmaq mümkün olacaq".
Pərviz