Çoxmərtəbəli binalarda kombi ləğv olunur: Bəs alternativ var?

İQTİSADİYYAT
11:07 / 29.04.2026
110

Bakıda çoxmərtəbəli yaşayış binalarında istiliklə bağlı yeni yanaşma tətbiq olunacaq. 

Rəsmi açıqlamalara görə, artıq həm mövcud, həm də gələcəkdə inşa ediləcək hündürmərtəbəli binalarda fərdi kombi sistemlərinin quraşdırılmasına icazə verilməyəcək. 

Energetika Nazirliyinin elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov media nümayəndələrinə açıqlamasında deyib ki, bundan sonra yeni tikilən binalar vahid istilik mənbəyinə qoşulmalı olacaq: 

“Yəni hər bir mənzilin ayrıca isitmə sistemi ilə təmin olunması əvəzinə, mərkəzləşdirilmiş istilik sistemi əsas şərt kimi qəbul ediləcək. Bu tələb artıq normativ xarakter daşıyır və tikinti layihələrində mütləq nəzərə alınmalıdır”.

Lakin yeni qaydanın tətbiqi əhali arasında müəyyən narazılığa və müzakirəyə səbəb olur...

Əmlak eksperti Elnur Fərzəliyev Hit.az-a açıqlamasında deyib ki, yaşayış binalarında istilik təminatı ilə bağlı mövcud vəziyyət hələ də vahid sistem üzərində qurulmayıb: 

397779

“Bir çox mənzildə mərkəzləşdirilmiş istilik sistemi olmadığı üçün insanlar öz ehtiyaclarını fərdi üsullarla qarşılayır və əsasən kombi və digər qızdırıcı cihazlara üstünlük verirlər. Bu isə həm istilik, həm də isti su təminatının fərdi şəkildə həll olunmasına səbəb olur. Köhnə binaların yalnız kiçik bir qismində qazanxana sistemi mövcud olsa da, ümumi yaşayış fonduna baxdıqda bu, kifayət qədər məhdud əhatəyə malikdir”.

Ekspertin sözlərinə görə, fərdi istilik avadanlıqlarının tamamilə aradan qaldırılması yalnız ölkə üzrə genişmiqyaslı infrastruktur dəyişiklikləri həyata keçirildiyi halda mümkün ola bilər:

“Bunun üçün müasir mərkəzi istilik sistemləri yaradılmalı, bütün yaşayış sahələri vahid istilik şəbəkəsinə inteqrasiya edilməlidir. Yalnız bundan sonra fərdi cihazlardan imtina etmək real addım kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, hazırkı şəraitdə isə bu tip sistemlərin birdən-birə ləğvi praktik baxımdan çətin görünür. Çünki milyonlarla insan gündəlik həyatında bu cihazlardan istifadə edir və alternativ tam hazır olmadan belə bir keçid ciddi çətinliklər yarada bilər”.

Günel Cəlilova

0