Şagird ikən ana olan uşaq...

KÖŞƏ YAZILARI
11:23 / 21.04.2026
143

Ucar rayonunda baş verən hadisə sadəcə bir xəbər deyil, cəmiyyətin ən həssas nöqtələrinə toxunan ciddi bir xəbərdarlıqdır. 

15 yaşında bir qızın ana olması faktı ilk baxışda şok effekti yaratsa da, əslində bu, uzun müddət görünməyən problemlərin nəticəsidir. Bu cür hadisələr çox vaxt uşaqların daxili dünyasını görməkdə aciz qaldığımızı göstərir. Onların susqunluğu, davranışlarındakı dəyişikliklər, qorxu və narahatlıqları ya diqqətdən kənarda qalır, ya da yetərincə ciddiyə alınmır. 

Halbuki uşaq özünü təhlükəsiz hiss etmədiyi mühitdə yaşadıqca, problemlər daha da dərinləşir və nəticədə belə ağır vəziyyətlər ortaya çıxır. Digər tərəfdən, hadisənin ehtimal olunan cinayət tərəfi bir daha sübut edir ki, təhlükə anlayışı düşündüyümüz qədər sadə deyil. İnsanlar çox zaman təhlükəni “yad” anlayışı ilə əlaqələndirir. Amma reallıqda risk bəzən ən yaxın çevrədə, ən güvənilən münasibətlərin içində gizlənir. Bu isə cəmiyyətdə formalaşmış stereotiplərin yenidən düşünülməsini zəruri edir.

Bu hadisə bir daha göstərir ki, uşaqların qorunması yalnız formal qaydalarla mümkün deyil. Burada əsas məsələ diqqət, ünsiyyət və vaxtında müdaxilədir. Əgər bu elementlər çatışmırsa, ən yaxın mühit belə uşaq üçün təhlükəli məkana çevrilə bilər. Bizi düşündürən əsas məsələ 15 yaşlı qızın ana olacağı halda, niyə yaxınlarının bunu hiss etməməsidir. Doğrudanmı onlar məişət qayğılarına bu qədər aludə olublar ki, gözlərinin önündə qızlarının yaşadığı acını və travmanı görməyiblər? Bu hadisədə yalnız qızı hamilə qoyan şəxs deyil, eyni zamanda onun yaxınları da müəyyən mənada məsuliyyət daşıyır...

Günel Cəlilova

0