Dünya azərbaycanlıları Nyu-York merinə müraciət etdi
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız ABŞ-nin Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin “X” platformasında Azərbaycan əleyhinə səsləndirdiyi əsassız və qərəzli fikirlərə kəskin etiraz ediblər.
Qaynarinfo xəbər verir ki, Azərbaycan-Amerika Gənclər Federasiyası, Amerika Azərbaycan İnteqrasiya Mərkəzi, Amerika Azərbaycan Musiqi Fondu, Azərbaycan Amerika Təşkilatları Alyansı, Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi, “Azİz” Xalqlararası Əlaqə Beynəlxalq Assosiyasiyası və Britaniya Azərbaycanlıları Cəmiyyəti bu iddiaların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirərək Nyu-York merinə məktub ünvanlayıblar.
Məktublarda Nyu-York merinin Azərbaycan xalqına qarşı səsləndirdiyi ittihamlarla bağlı ciddi narahatlıq ifadə edilib. Zöhran Kvame Mamdaninin açıqlamasında siyasi qərəz olduğu, eyni zamanda beynəlxalq hüququn əsas prinsiplərinin təhrif edildiyi vurğulanıb. ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmaların yolverilməz olduğu bildirilib. Qarabağ bölgəsində yaşayan erməni əsilli əhaliyə reinteqrasiya çərçivəsində bərabər hüquqların və təhlükəsizlik təminatlarının təklif olunduğu, onların sosial-iqtisadi həyata inteqrasiyası üçün konkret addımların atıldığı diqqətə çatdırılıb. Xüsusi olaraq qeyd edilib ki, mülki şəxslərə qarşı etnik zəmində hər hansı zorakılıq faktı qeydə alınmayıb və bu istiqamətdə beynəlxalq hüququn prinsiplərinə uyğun davranılıb.
Diaspor təşkilatları bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsini tələb ediblər.














