“Neftçi” – “Qarabağ” matçı necə yadda qaldı?

İDMAN
10:29 / 27.04.2026
118

Dünən Misli Premyer Liqasının 29-cu turunun mərkəzi matçında “Neftçi” “Qarabağ”ı qəbul etdi.

Hit.az bildirir ki, olduqca həyəcanlı keçən oyunda qonaqlar 5-1 hesablı qələbəyə sevindilər. Bununla da “Qarabağ” xallarının sayını 59-a yüksəldərək ikinci sıradakı yerini möhkəmləndirdi. Məlumat üçün qeyd edək ki, üçüncü sıradakı “Turan Tovuz”un 55 xalı var və ikincilik iddialarını davam etdirirlər. “Neftçi” isə 44 xalla avrokubok hədəfinin gerisində qalır.

Bəs oyun necə yadda qaldı?
İlk növbədə stadiondakı möhtəşəm atmosferdən danışmaq lazımdır. Hər iki komandanın azarkeşləri matça böyük maraq göstərdilər və bir an olsun susmadılar. Oyundakı atmosfer Avropa liqalarını xatırladırdı. Bu isə əlbəttə ki, mükəmməl mənzərə yaradırdı. Toplam 9500 nəfər matçı stadiondan canlı izlədi.

“Qarabağ” məğlub olmur
“Neftçi” son 5 ildir “Qarabağ”ı məğlub edə bilmir. Paytaxt klubunun Ağdam təmsilçisi üzərindəki son qələbəsi 2021-ci ilə təsadüf edir. Bu, “Qarabağ”ın rəqibinə qarşı ardıcıl 11-ci qələbəsi oldu. “Flaqman” isə 6 matç sonra əzəli rəqibinə qol vurmağı bacardı.

Musa üçün məhsuldar oyun 
Musa Qurbanlı 2 qol, 1 məhsuldar ötürmə ilə matça damğa vurdu. O, bu mövsüm qollarının sayını 7-yə çatdırıb. Beləliklə, cari mövsümdə ən çox fərqlənən yerli hücumçu olub. Ən çox qol vuran yerli futbolçu isə “Neftçi”nin kapitanı, yarımmüdafiəçi Emin Mahmudovdur – 9 qol. Musa Qurbanlı ümumilikdə isə Premyer Liqada vurduğu qolların sayını 44-ə çatdırıb. 

Elmir Mustafa
 

0