Başqalarını razı salmağa daim çalışmaq, ilk baxışda nəzakət və qayğıkeşlik kimi görünsə də, zamanla insanın daxili motivasiyasını sarsıda bilər.
Hit.az xəbər verir ki, bu barədə "UpWorthy" nəşri psixoloq Mark Treversin "Psychology Today" jurnalında dərc olunan araşdırmasına istinadən yazır.
Məqalədə qeyd olunur ki, başqalarının hisslərinə həssas yanaşmaq özlüyündə müsbət xüsusiyyətdir. Məhz belə insanlar yaşadıqları mühiti daha rahat edir, ictimai qaydalara əməl edir və ətrafdakıların maraqlarını nəzərə alırlar. Lakin problem o zaman yaranır ki, insan atdığı hər addımda başqalarının təsdiqini almağa ehtiyac duyur.
Mark Treversin sözlərinə görə, davamlı motivasiyanın formalaşması üçün üç əsas amil vacibdir: özünü bacarıqlı hiss etmək, başqaları ilə əlaqə hissi və muxtariyyət – yəni qərarların şəxsi seçim əsasında verildiyinə inanmaq.
Psixoloq bildirir ki, məhz sonuncu amil insanın hər qərarına görə başqalarının razılığını axtarması nəticəsində tədricən zəifləyir.
Məqalədə vurğulanır ki, bu davranış əvvəlcə tamamilə zərərsiz görünə bilər. Məsələn, insan yeni layihəyə başlamazdan əvvəl mütləq tərəfdaşının fikrini soruşur, həmsöhbətinin reaksiyasını diqqətlə izləyir və ya sosial şəbəkədə paylaşım etdikdən sonra qiymətləndirilməsini həyəcanla gözləyir. Lakin zaman keçdikcə bu, avtomatik davranış modelinə çevrilə bilər.
“Bu vərdiş refleks halını alanda motivasiyanın qatili olur. İnsan düşünür: ‘Kimsə bunu bəyənməyincə hərəkət etməyəcəyəm’”, deyə Mark Trevers bildirib.
Onun sözlərinə görə, belə vəziyyətdə beyin tədricən şəxsi nailiyyətlərdən zövq almağı dayandırır və yalnız başqalarının təqdirini mükafat kimi qəbul etməyə başlayır. Bu isə zamanla daxili motivasiyanı zəiflədir.
Məqalədə psixoloq Şanel Frimenin fikirlərinə də yer verilib. O xəbərdarlıq edir ki, daim başqalarının gözləntilərinə uyğun davranmağa çalışmaq təşviş, depressiya, emosional tükənmişlik və inciklik hissinin yığılmasına səbəb ola bilər.
Bununla yanaşı, mütəxəssislər bildirirlər ki, daxili motivasiyanı yenidən bərpa etmək mümkündür. Bunun üçün əvvəlcə kiçik və az riskli qərarlarda başqalarının təsdiqini axtarmaq vərdişindən tədricən uzaqlaşmaq, öz mühakiməsinə daha çox güvənmək, özünü daha yaxşı tanımaq və ətrafdakıların reaksiyasından asılı olmayaraq məmnunluq gətirən fəaliyyətlərə diqqət yetirmək tövsiyə olunur.
Samir

