Səyahət etməyi sevən insanların əksəriyyəti çamadan yığmağı çətin və stresli hesab edir. "Nə götürüm?", "Nəsə unutmamışam ki?", "Çamadan çox ağır olmayacaq?" kimi suallar demək olar ki, hər kəsə tanışdır.
HİT.az xəbər verir ki, 2010-cu ildən həyatını sadələşdirməyə çalışan və bu barədə yazılar dərc edən Kortni Karver "Be More With Less" platformasında paylaşdığı məqaləsində bildirib ki, daha az əşya ilə səyahət etmək həm stressi azaldır, həm də istirahəti daha rahat edir.
Onun sözlərinə görə, əvvəllər həmişə lazım olandan xeyli artıq əşya götürürdü. İndi isə heç vaxt özü ilə aparmadığı üç əşya kateqoriyası var.
Artıq ayaqqabı
Kortni xatırladır ki, bir dəfə Meksikaya bir həftədən az davam edən səfərə altı cüt ayaqqabı aparmışdı. Nəticədə isə bütün səyahət boyu yalnız bir cüt şlipsi geyinmişdi.
İndi o, yalnız uzun məsafə rahat gəzməyə imkan verən ayaqqabıları götürür. Yeni alınmış ayaqqabıları isə heç vaxt səyahətə aparmır, çünki bunun narahatlıq və ayaq ağrısına səbəb ola biləcəyini deyir.
Gündəlik istifadə etmədiyi geyimlər
Müəllif hesab edir ki, bir çox insan tətilə gedərkən normalda geyinmədiyi paltarları da çamadana yerləşdirir. O, əvvəllər ehtimal olunan xüsusi tədbirlər üçün zərif geyimlər götürdüyünü, lakin onların demək olar ki, heç vaxt istifadə edilmədiyini bildirib.
İndi isə yalnız əvvəlcədən planlaşdırılmış tədbir olduqda xüsusi geyim götürür. Əks halda, gündəlik istifadə etdiyi rahat paltarlarla kifayətlənir.
Onun fikrincə, mümkün bütün ssenarilərə hazırlaşmaq əvəzinə, səfərin real şəraitinə uyğun əşyalar seçmək daha məqsədəuyğundur.
Eyni geyimi təkrar istifadə etməkdən çəkinməmək
Kortni deyir ki, gündəlik həyatda eyni geyimləri dəfələrlə istifadə etdiyi kimi, səyahət zamanı da bunu rahatlıqla edir.
Onun sözlərinə görə, insanlar başqalarının nə geyindiyinə düşündükləri qədər diqqət yetirmirlər. Buna görə də bir neçə kombinasiyanı növbə ilə geyinmək həm çamadanı yüngülləşdirir, həm də səfəri daha rahat edir.
Müəllif tövsiyə edir ki, növbəti səfər üçün əşyaları planlaşdırarkən əvvəlki səyahətdə istifadə edilməyən geyim və əşyaları siyahıdan çıxarın. Onun fikrincə, daha az əşya götürmək daha az narahatlıq, daha çox rahatlıq və daha xoş səyahət deməkdir.
Samir


