Bir çox insan yatmazdan əvvəl fərqinə varmadan telefonunun qalereyasını açır və köhnə şəkillərə baxmağa başlayır. İlk baxışda bunun nostalji hissi ilə bağlı olduğu düşünülsə də, psixoloqlar hesab edirlər ki, bu davranışın əsl səbəbi daha dərindir.
HİT.az xəbər verir ki, bu barədə "Leravi" yazır.
Məqalədə qeyd olunur ki, insanlar köhnə şəkillərə ən çox gün başa çatdıqdan sonra, beynin hələ yaşananları tam emal etmədiyi axşam saatlarında baxırlar. Maraqlıdır ki, əksəriyyət konkret bir şəkli axtarmır və nostalji üçün xarakterik olan kədər hissini yaşamır. Sadəcə qalereyanı vərəqləmək istəyi yaranır.
Psixoloqların fikrincə, bu davranışı nostalji adlandırmaq düzgün deyil. Əslində insan keçmişə qayıtmaq istəmir, sadəcə yaşadığı hadisələrin həqiqətən baş verdiyinə əmin olmaq ehtiyacı hiss edir.
Araşdırma müəllifləri diqqətə çatdırırlar ki, insanlar çox vaxt ən gözəl və ya emosional fotolarda deyil, adi kadrlarda daha uzun dayanırlar. Məsələn, bir fincan qəhvə, restoran menyusu, alış-veriş qəbzi və ya təsadüfi çəkilmiş şəkillər həmin günün həqiqətən yaşandığını xatırladan bir növ sübut rolunu oynayır.
Məqalədə deyilir: "Şəkildəki işıq, kiminsə əlinin vəziyyəti, süfrənin xüsusi rəngi... Bu detalların öz-özlüyündə böyük əhəmiyyəti yoxdur. Lakin onlar sizin həmin yerdə olduğunuzu, o günün həqiqətən yaşandığını və yaddaşınızdakı həyat hekayəsinin real hadisələrə uyğun gəldiyini təsdiqləyən sübutlardır."
Tədqiqatçılar bildirirlər ki, insan beyni öz həyatını bütöv bir hekayə kimi qəbul etməyə ehtiyac duyur. Bunun üçün isə ayrı-ayrı günlərin həqiqətən yaşandığını təsdiqləyən işarələr axtarır.
Psixoloqlar izah edirlər ki, insan yaddaşı zaman keçdikcə dəyişir, foto isə olduğu kimi qalır. Buna görə də şəkillər müəyyən anın həqiqətən mövcud olduğunu təsdiqləyir və insanlar çox vaxt məhz bu hissi axtarırlar.
Məqalədə vurğulanır ki, insanlar köhnə şəkillərə baxarkən nostalji və ya kədər deyil, sakit bir əminlik hissi axtarırlar. Bu, onların həyatının həqiqətən yaşandığını, anların iz buraxdığını və həmin xatirələrin haradasasa "qeyd alındığını" hiss etmək ehtiyacından qaynaqlanır. Müəllif bunu insanın qəbul olunmaq və mövcudluğunun təsdiqlənməsi ehtiyacı ilə əlaqələndirir.
Mütəxəssislərin sözlərinə görə, bu vərdiş xüsusilə həyat monoton göründüyü dövrlərdə daha da güclənir. Belə anlarda köhnə şəkillərə baxmaq insana gündəlik həyatının da dəyərli olduğunu və həyatının davam etdiyini xatırladır.
Psixoloqlar qeyd edirlər ki, bu davranış psixoloji problemin əlaməti deyil. Əksinə, o, insanın öz həyatını real, dəyərli və vahid bir hekayə kimi hiss etmək istəyini əks etdirir. Onların fikrincə, bəzən köhnə şəkillərə tez-tez baxmaq insana indiki anı daha şüurlu yaşamağın vacibliyini xatırladan bir siqnal da ola bilər.
Samir


