Avtomobillərdə gizli təhlükə: Oğurluğun qarşısını almalı olan sistem onların işini asanlaşdırır

MARAQLI
19:58 / 30.07.2026
39

ABŞ-də 2,2 milyondan çox avtomobili əhatə edən ciddi təhlükəsizlik boşluğu aşkarlanıb. 

HİT.az xəbər verir ki, Kaliforniya Universitetinin San-Dieqo kampusunun tədqiqatçıları müəyyən ediblər ki, avtomobillərin oğurlanmasının qarşısını almaq üçün quraşdırılan bəzi sistemlər əksinə, oğruların işini asanlaşdırır.

Araşdırmaya görə, sükanın altında quraşdırılan bu qurğular hücum edən şəxslərə təxminən 4,5 metr məsafədən avtomobilin qapılarını səssiz şəkildə açmağa imkan verir. Bundan başqa, onlar uzaqdan mühərrikin işə salınması sistemini deaktiv edərək sürücüləri yolda çətin vəziyyətdə qoya bilirlər.

Söhbət 2017-ci ildən etibarən "Honda", "Toyota", "Mazda", "Ford" və "Jeep" markalarının dilerləri tərəfindən satılan və sonradan ikinci əl bazarı vasitəsilə Kanada və Yaponiyaya qədər yayılan avtomobillərdən gedir.

Təhlükənin mənbəyi avtomobillərə quraşdırılan "KARR" və "SouthWest Dealer Services" (SWDS) markalı oğurluq əleyhinə sistemlərdir. Bu qurğular "Bluetooth" vasitəsilə smartfon tətbiqi ilə əlaqə yaradır.

Araşdırma göstərib ki, bütün bu cihazlarda eyni rəqəmsal təhlükəsizlik açarından istifadə olunub. Nəticədə hücum edən şəxslər rəsmi tətbiq vasitəsilə həmin kodu əldə edərək əhatə dairəsində olan istənilən avtomobilin qapısını aça bilirlər.

Mütəxəssislər bildirirlər ki, oğrular hərəkətdə olan avtomobili idarə edə bilməsələr də, salona daxil olduqdan sonra xüsusi avadanlıq vasitəsilə qısa müddətdə yeni işəsalma açarı hazırlaya bilirlər.

Bildirilir ki, bir çox sürücü bu təhlükədən xəbərsizdir. Çünki bəzi dilerlər təhlükəsizlik paketi alınmasa belə, sistemi avtomobildə aktiv vəziyyətdə saxlayırlar.

Tədqiqatçılar sükanın altında yanıb-sönən kiçik düymə və ya "KARR" və "SWDS" loqolarını görən avtomobil sahiblərinə ehtiyatlı olmağı tövsiyə edirlər.

Onların sözlərinə görə, sürücülər rəsmi "KARR" tətbiqini yükləyərək cihazın proqram təminatını mümkün qədər tez yeniləməlidirlər. İstehsalçının təqdim etdiyi təhlükəsizlik yeniləmələri avtomatik quraşdırılmır və tətbiq vasitəsilə əl ilə həyata keçirilməlidir.

Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, qurğu avtomobilin elektron idarəetmə sistemi və alışdırma xəttinə mürəkkəb şəkildə qoşulduğundan onu fərdi qaydada sökməyə cəhd etmək tövsiyə olunmur. Bunun üçün peşəkar servis xidmətindən istifadə etmək daha təhlükəsiz hesab edilir.

Samir
 

0