1960-cı illərdə ABŞ-də uşaqların səhər yeməyi bugünkündən xeyli fərqlənirdi. Evdə hazırlanan yeməkləri tədricən şirin səhər taxılları və hazır qida əvəzedici içkilər əvəz etməyə başlamışdı.
Demokrat.az xəbər verir ki, “Tasting Table” nəşrinin yazdığına görə, həmin dövrdə şirin səhər taxılları bazarı sürətlə böyüyür, valideynlər isə hazırlanması asan məhsullara üstünlük verirdilər.
“Carnation Instant Breakfast”
Ən populyar məhsullardan biri südlə qarışdırılaraq hazırlanan toz şəklində səhər yeməyi içkisi idi.
İstehsalçı bildirirdi ki, bu məhsul tam dəyərli səhər yeməyini əvəz edə bilir, iki yumurta qədər zülal və bir stəkan portağal şirəsindən daha çox C vitamini ehtiva edir.
Uşaqlar isə xüsusilə şokolad dadlı variantını sevirdilər.
“Kellogg's” çeşid qutuları
Bir qutuda müxtəlif növ səhər taxıllarının yer aldığı dəstlər uşaqlar arasında böyük maraq doğururdu.
Bu qutularda düyü topları, meyvə halqaları, şirin qarğıdalı lopaları, vitaminləşdirilmiş səhər taxılları və kişmişli kəpək məhsulları yer alırdı. Qardaş və bacılar ən sevdikləri növü seçmək üçün tez-tez mübahisə edirdilər.
“Frosted Flakes”
Qablaşdırmasında Toni adlı pələng təsviri olan qarğıdalı lopaları ilk dəfə 1952-ci ildə satışa çıxarılsa da, ən böyük populyarlığını məhz 1960-cı illərdə qazanıb.
Həmin dövrdə məhsul "şəkərlə örtülmüş qarğıdalı lopaları" adı ilə satılırdı və istehsalçı onun yüksək şəkər tərkibini gizlətmirdi.
“Trix”
“General Mills” şirkətinin istehsal etdiyi “Trix” ABŞ-də meyvə dadlı ilk səhər taxıllarından biri hesab olunur.
1960-cı ildə qablaşdırmada dovşan obrazından istifadə edilməyə başlanıb. Şirkət 1968-ci ildə uşaqlar arasında poçt vasitəsilə səsvermə keçirərək dovşanın sevdiyi səhər taxılından dadmasına icazə verilib-verilməməsini soruşmuşdu.
“Cap'n Crunch”
“Quaker Oats” şirkəti məhsulunu cizgi filmi kapitanı obrazı və səhər taxıllarının xırtıldayan quruluşu ilə tanıdırdı.
Araşdırmalar uşaqların yumşalmış səhər taxıllarını sevmədiyini göstərdiyi üçün məhsulun əsas üstünlüyü məhz xırtıldayan teksturası idi. Bununla belə, bəzi istifadəçilər sərt hissəciklərin damağı zədələdiyini də xatırlayırlar.
Almalı halqalar
1965-ci ildə “Kellogg's” alma formasında maskotu olan alma dadlı halqa şəkilli səhər taxıllarını təqdim edib.
Həmin dövrün reklamlarında tez-tez zorakılığa və məktəb bullinqinə qarşı mesajlar yer alırdı. Bu səbəbdən məhsul bir çox insanın yaddaşında xoş xatirə kimi qalıb.
Yulaf sıyığı
1960-cı illərdə yulaf sıyığının reklamlarında valideynlərə bu yeməyin uşaqları "sağlam və gümrah böyüdəcəyi" bildirilirdi.
Reklamlarda analara sıyığa ananas və digər meyvələr əlavə etmək tövsiyə olunurdu.
“Honeycomb”
Pətək formasında hazırlanan bal dadlı səhər taxılları 1960-cı illərin ortalarında bazara çıxıb və qutuların içinə qoyulan kiçik hədiyyələr sayəsində qısa müddətdə populyarlaşıb.
Məsələn, 1968-ci ildə qutulara “Chitty Chitty Bang Bang” filmindən ilhamlanan oyuncaq avtomobillər əlavə edilirdi.
“Alpha-Bits”
Əlifba hərfləri formasında hazırlanan bu səhər taxılları uşaqlara səhər yeməyi yeyərkən sözlər düzəltmək imkanı verirdi.
1950-ci illərin sonlarında satışa çıxarılan məhsul ilk "tədris xarakterli" səhər yeməklərindən biri hesab olunurdu.
Yumurta
Şirin səhər taxılları əsasən iş günlərində yeyilsə də, həftəsonları ailələr daha dolğun səhər yeməyinə üstünlük verirdilər.
Yumurta adətən bekon, qızardılmış çörək, kolbasa və ya konservləşdirilmiş ətlə birlikdə təqdim olunurdu.
1960-cı illərdə yumurta münasib qiymətə satıldığı üçün bir çox ailənin gündəlik qidalanmasının əsas hissəsini təşkil edirdi.
Samir


