Dünyanın ən kiçik çiçəkli bitkisinin sirri açıldı

MARAQLI
15:05 / 15.10.2026
6

Dünyanın ən kiçik çiçəkli bitkiləri hesab olunan su mərciməklərinin (Lemnaceae) necə bu qədər kiçik ölçülərə çatdığı məlum olub. Araşdırma göstərib ki, bu bitkilər təkamül zamanı əsas quruluş elementlərini itirmək əvəzinə onları sıxlaşdıraraq son dərəcə yığcam forma alıblar.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri “Discover Wildlife”a istinadən məlumat yayıb.

Nottingem Universitetinin alimləri genlərin aktivliyini təhlil edib və müasir mikroskopiya üsullarından istifadə edərək su mərciməklərinin quruluşunu araşdırıblar. Məlum olub ki, bu bitkilər daha böyük bitkilərin zoğlarında mövcud olan əsas struktur elementlərini qoruyub saxlayır, lakin həmin elementlər bir-birinə sıx şəkildə birləşərək daha kiçik həcmdə yerləşir.

Tədqiqatın aparıcı müəllifi, doktor Entoni Bişopp bildirib ki, heyvanlarda miniatürləşmə çox vaxt bəzi orqanların və bədən hissələrinin itirilməsi ilə müşayiət olunur. Su mərciməkləri isə fərqli təkamül yolu keçib: onların əsas quruluşu qorunub, komponentlər isə sıxlaşdırılaraq birləşdirilib.

Su mərciməkləri arumkimilər fəsiləsinə daxildir. Onların ən kiçik növlərindən biri olan Wolffia globosa cəmi 0,1–0,2 millimetr diametrə malikdir. Halbuki bu bitkilərin bəzi yaxın qohumlarında yarpaqların eni iki metrə çata bilir.

Gələcəyin qida mənbəyi ola bilər

Alimlərin diqqətini çəkən məqam yalnız bitkinin kiçik ölçüsü deyil. Su mərciməkləri qida mənbəyi kimi də böyük potensiala malikdir. Quru kütləsinin təxminən 30–45 faizini zülal təşkil edən bu bitkilər ərzaq təhlükəsizliyi baxımından perspektivli hesab olunur.

Məlumatlara görə, Avropa İttifaqı şəraitində su mərciməklərindən bir hektar ərazidə ildə 3–7 ton zülal əldə etmək mümkündür. Bu xüsusiyyət kənd təsərrüfatına yararlı torpaqların məhdudlaşdığı bir dövrdə bitkiyə marağı artırır. Onun gələcəkdə kosmik missiyalar üçün qida mənbəyi kimi istifadəsi də araşdırılır.

Tədqiqatın həmmüəllifi, doktor Aleks Uer qeyd edib ki, su mərciməklərini kiçik ölçülərinə görə primitiv və ya təkamül zamanı bəzi hissələrini itirmiş bitkilər hesab etmək düzgün deyil. Alimlərin fikrincə, yeni araşdırma bu bitkinin gələcəyin kənd təsərrüfatı məhsullarından birinə çevrilməsi imkanlarının öyrənilməsinə kömək edə bilər.

Samir
 

0