Passiv aqressiya bəzən açıq narazılıqdan daha çətin müəyyən edilir. Qarşı tərəf zahirən adi sözlər işlətsə də, səs tonu və eyhamları ilə narazılığını ifadə edə bilər. Psixoloqlar belə hallarda sarkazmla cavab vermək əvəzinə, sakit və aydın danışmağı tövsiyə edirlər.
HİT.az xəbər verir ki, bu barədə UNIAN nəşri “Time” jurnalına istinadən yazıb.
Qarşı tərəfdən fikrini açıq ifadə etməsini istəyin
Məsləhətçi psixoloq Bruk Makkenzi hesab edir ki, passiv-aqressiv ifadələrə daha birbaşa və emosiyalardan uzaq şəkildə cavab vermək lazımdır. Məsələn, kimsə “Nə yaxşı, sənin bu qədər boş vaxtın var” deyərsə, belə cavab vermək olar: “Nə demək istədiyini tam anlamadım. Başqa cür ifadə edə bilərsən?”
Bu yanaşma qarşı tərəfə eyham vurmaq əvəzinə, narazılığını açıq şəkildə dilə gətirmək imkanı verir.
İttiham etmədən dialoqa başlayın
Psixoloqlar “Niyə belə passiv-aqressiv davranırsan?” kimi sualların mübahisəni daha da dərinləşdirə biləcəyini bildirirlər. Çünki bu zaman söhbət problemin özündən uzaqlaşaraq danışıq tonunun müzakirəsinə çevrilir.
Psixoloq Melissa Qlük yaxın münasibətlərdə daha yumşaq ifadələrdən istifadə etməyi məsləhət görür: “Mənə elə gəlir ki, nəsə qaydasında deyil. İstəyirsən, bu barədə danışaq?” Belə sual qarşı tərəfin hisslərini bölüşməsinə şərait yarada bilər.
Eyhamın arxasındakı narahatlığı anlayırsınızsa, konkret cavab verin
Məsələn, dostlarınızla görüşmək planınıza partnyorunuz “Əlbəttə, başqalarına vaxt tapırsan” deyə reaksiya verirsə, onun narahatlığını nəzərə alaraq konkret təklif irəli sürə bilərsiniz: “Bu axşam gedəcəyəm, amma sabah səninlə məmnuniyyətlə şam edərəm”.
Psixologiya professoru Levi R. Beykerin fikrincə, bu cür cavab həm münasibətə önəm verdiyinizi göstərir, həm də anlaşılmazlığın aradan qaldırılmasına kömək edir.
İş yerində emosiyalardan çox aydınlığa üstünlük verin
Rəhbər iş gününün sonunda “Artıq gedirsən?” deyə soruşarsa, bunu istehza kimi qəbul etmək əvəzinə, “Getməzdən əvvəl tamamlamalı olduğum başqa iş varmı?” deyə dəqiqləşdirmək olar.
Həmkarın istehzalı münasibətinə isə bəzən qısa və neytral cavab kifayət edir. Məsələn: “Bəli, iş günü başa çatıb. Yaxşı həftəsonu!”
Bəzən cavab verməmək daha yaxşıdır
Psixoloqlar qeyd edirlər ki, çətin gün keçirən insanın dilindən çıxan qeyri-adi sözləri hər zaman böyütmək lazım deyil. Lakin belə davranış mütəmadi təkrarlanırsa, problemi açıq şəkildə müzakirə etmək vacibdir.
Qarşı tərəf incidici sözlərini zarafat kimi təqdim etdikdə isə niyyətlə nəticəni bir-birindən ayırmaq tövsiyə olunur. Bu zaman “Bəlkə də məni incitmək istəmirdin, amma mən bunu belə qəbul etdim” demək olar.
Mütəxəssislərin fikrincə, passiv aqressiyaya qarşı ən təsirli üsul qarşı tərəfin niyyətini təxmin etmək və ya ona eyni tərzdə cavab vermək deyil, sakit ünsiyyət quraraq anlaşılmazlığı aydınlaşdırmaqdır.
Samir


