Səyahət zamanı baqajda yerə qənaət etməyin ən asan yollarından biri “birdən lazım olar” düşüncəsi ilə götürülən əşyalardan imtina etməkdir. Səyahət mütəxəssisləri bildirirlər ki, lazımsız geyimlər çamadanı ağırlaşdırır, halbuki düzgün seçilmiş bir neçə universal geyimlə fərqli kombinlər hazırlamaq mümkündür.
HİT.az xəbər verir ki, bu barədə UNIAN nəşri “Express”ə istinadən yazıb.
“Good Business Travel” şirkətinin müştərilərlə iş üzrə direktoru Nataşa İnqlis səfərə hazırlaşarkən hər geyimin həqiqətən lazım olub-olmadığını düşünməyi tövsiyə edir. Onun sözlərinə görə, çamadana qoyulan hər bir geyim ən azı iki başqa əşya ilə uyğunlaşmalıdır. Sadə rənglərdə və müxtəlif şəkildə birləşdirilə bilən geyimlər seçmək baqajın həcmini azaltmağa kömək edir.
“International Citizens Insurance” şirkətinin prezidenti Co Kronin də illərlə müxtəlif ölkələrə səfər etdikdən sonra artıq geyim götürməyin əksər hallarda faydasız olduğu qənaətinə gəlib. O qeyd edir ki, əlavə ayaqqabı və ehtiyat gödəkçə çox vaxt istifadə olunmur. Üstəlik, paltarları səfər zamanı yumaq, unudulan zəruri əşyaları isə lazım gəldikdə gedilən yerdən almaq mümkündür.
“BharatFare” şirkətinin təsisçisi Aman Takran da turistlərə müxtəlif kombinasiyalarda geyinilə bilən əşyalara üstünlük verməyi məsləhət görür. Onun fikrincə, insanlar bəzən heç baş verməyəcək vəziyyətlər üçün lazımsız əşyalar götürərək baqajlarını ağırlaşdırırlar.
Uzun səfərlərdə paltar yumaq imkanını əvvəlcədən öyrənin
Səyahət bloqunun müəllifi Cim Vebber uzunmüddətli səfərlərdə baqajı azaltmağın ən yaxşı yollarından birinin paltarları yumaq olduğunu düşünür. “Tanzania Safaris” şirkətinin təsisçisi Vammi Kihaule isə qalacağınız oteldə bu xidmətin olub-olmadığını əvvəlcədən dəqiqləşdirməyi tövsiyə edir.
Onun sözlərinə görə, bəzi otel və lojalarında paltarlar yuyularaq həmin günün axşamı təhvil verilir. Belə imkan olduqda, hətta 10 günlük səfər üçün üç köynək də kifayət edə bilər.
Kihaule xüsusilə kiçik təyyarələrlə həyata keçirilən regional uçuşlarda baqajın çəkisinə diqqət yetirməyin vacibliyini vurğulayıb. Belə reyslərdə baqaj və əl yükü daxil olmaqla çəki limiti 15 kiloqram ola bilər.
Ekspertlərin ümumi tövsiyəsi budur: çamadanı hazırlayarkən hər əşyanın həqiqətən lazım olub-olmadığını qiymətləndirin, bir-biri ilə uyğunlaşan geyimlər seçin və qalacağınız yerdə yuyulma imkanlarını araşdırın. Bu, həm baqajı yüngülləşdirəcək, həm də əlavə xərc riskini azaldacaq.
Samir


