“Sağlam Düşüncə” Gənclər Təşkilatı onlayn səsvermə ilə sədr seçdi

17:38 / 17.08.2020
823

“Sağlam Düşüncə” Gənclər Təşkilatı virtual VII Hesabat-Seçki Konfransı keçirib. Onlayn toplantı zamanı təşkilata yeni sədr, İdarə heyəti üzvləri və Nəzarət-Təftiş Komissiyası üzvləri seçilib.

Konfrans təşkilatın Facebook səhifəsi üzərindən canlı yayımlanıb, səsvermə hüququna malik üzvlərə seçki bülletenləri email vasitəsilə göndərilib.
 
Moderatorlar konfransın gündəliyi haqqında məlumat verdikdən sonra cari fəaliyyətdə olan sədr, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası və digər komanda koordinatorlarının iki illik hesabatı dinlənilib. 
 
"Sağlam Düşüncə" Gənclər Təşkilatında növbəti iki il ərzində fəaliyyət göstərəcək sədr vəzifəsinə 3 nəfər, İdarə Heyətinə 7 nəfər və Nəzarət-Təftiş Komissiyasına 2 nəfər üzv namizədliyini irəli sürüb. Təşkilatın 58 nəfər tam hüquqlu üzvündən 55 nəfəri səsvermə hüququndan istifadə edib. Buna əsasən, Orxan Bayramov təşkilatın yeni sədri müəyyən olunub. Cavid Nəbizadə, Əli Eminli, Əminə Abdullayeva və Rəşid Abbasov səs çoxluğu ilə İdarə Heyəti üzvləri seçiliblər. Müşəfərim Məmmədova və Sevinc Qasımova isə növbəti 2 ildə Nəzarət-Təftiş Komissiyası üzvləri olaraq fəaliyyət göstərəcəklər.
 
Səsvermə prosesinin ardınca səslərin hesablanması zamanı həmtəsisçi Ramiz Əliyev tərəfindən təşkilatın nizamnaməsinə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verilib və səsə qoyularaq qəbul edilib.

0