Kondisioner artıq lüks sayılmasa da, uzun illər problemsiz işləyəcək və əlavə xərc yaratmayacaq modeli seçmək hər zaman asan olmur.
HİT.az xəbər verir ki, "AirPro" şirkətinin iqlim avadanlıqları üzrə mütəxəssisi Oleksiy Jabin "UNIAN"a açıqlamasında kondisioner seçərkən nələrə diqqət yetirilməli olduğunu, invertor modellərlə adi modellər arasındakı fərqləri və cihazın elektrik sərfiyyatına təsir edən amilləri izah edib.
Kondisioner seçərkən nələrə diqqət yetirilməlidir?
Mütəxəssisin sözlərinə görə, ilk növbədə istehsalçıya diqqət yetirmək lazımdır. Bazarda uzun müddətdir fəaliyyət göstərən, yaxşı reputasiyaya və müsbət istifadəçi rəylərinə malik markalara üstünlük vermək tövsiyə olunur.
Bundan əlavə, istehsalçının yaşadığınız bölgədə servis mərkəzlərinin olub-olmadığını da yoxlamaq vacibdir. Az tanınan şirkətlərdə zəmanət və texniki xidmətlə bağlı problemlər daha çox yaşana bilər.
Oleksiy Jabin vurğulayıb ki, quraşdırmanı həyata keçirən ustaların peşəkarlığı da ən az cihazın özü qədər əhəmiyyətlidir.
"İnsanlar bir neçə dollar qənaət etmək üçün kondisioneri internetdən alır, sonra isə ən ucuz quraşdırma xidmətini seçirlər. Nəticədə işləməyən avadanlıq və çoxlu problemlə üzləşirlər. Rəylərə əsasən etibarlı ustalar seçin. Qoy avadanlığı onlar alsın, gətirsin və quraşdırsın. Belə olduqda nasazlıq yaranarsa, yalnız onlara müraciət edəcəksiniz", deyə o bildirib.
Ekspertin fikrincə, bir qədər artıq xərc çəkmək sonradan daha etibarlı və uzunömürlü avadanlıq əldə etməyə imkan verir.
İnvertor, yoxsa adi kondisioner?
Mütəxəssis ev şəraiti üçün invertor tipli kondisionerlərə üstünlük verilməsini məsləhət görür. Onun sözlərinə görə, ən yaxşı seçim əlavə və əksər hallarda yalnız marketinq məqsədi daşıyan funksiyalarla yüklənməmiş sadə invertor modelidir.
Oleksiy Jabin bildirib ki, invertor və adi kondisionerlər arasındakı əsas fərq kompressorun işləmə prinsipidir.
İnvertor modelində müəyyən edilmiş temperatur əldə olunduqdan sonra kompressor tam dayanmaq əvəzinə gücünü azaldır və otaqdakı temperaturu sabit saxlayır. Bu da daha rahat mikroiqlim yaradır.
Bundan əlavə, invertor kondisionerlər adətən daha səssiz işləyir və daha az elektrik enerjisi sərf edir.
Adi kondisionerlərdə isə kompressor tam söndürülür və yenidən işə düşür. Bu səbəbdən otaqdakı temperatur bir neçə dərəcə dəyişə bilər və cihaz işə düşərkən daha çox səs yaradır.
Bununla belə, ekspert qeyd edib ki, invertor olmayan modellərin bir üstünlüyü də var – onların təmiri daha ucuz başa gəlir.
Ev üçün hansı gücdə kondisioner seçilməlidir?
Oleksiy Jabin bildirib ki, məsələn, 40 kvadratmetrlik mənzil üçün hansı kondisionerin ideal olduğunu yalnız peşəkar mühəndis hesablaması ilə müəyyən etmək mümkündür. Bununla belə, ümumi tövsiyələr belədir:
* "7" modeli – 20 kvadratmetrə qədər otaqlar üçün;
* "9" modeli – 30 kvadratmetrə qədər;
* "12" modeli – 40 kvadratmetrə qədər;
* "18" modeli – 60 kvadratmetrə qədər sahələr üçün uyğundur.
Ekspertin sözlərinə görə, elektrik enerjisi sərfiyyatı ilk növbədə otağa daxil olan istilikdən asılıdır və qənaət etməyin əsas yolu da məhz bunu azaltmaqdır.
"Eyni kondisioner cənuba baxan pəncərə ağır pərdə ilə örtülü olduqda, şəffaf tül olduğu vəziyyətlə müqayisədə 10 dəfəyə qədər az elektrik sərf edə bilər", deyə o bildirib.
Mütəxəssis izah edib ki, örtülməmiş pəncərədən otağa saatda 3 kilovatadək istilik daxil ola bilər. Buna görə də qalın pərdələrdən istifadə kimi sadə tədbirlər kondisionerin aylıq elektrik sərfiyyatını əhəmiyyətli dərəcədə azalda bilər.
Samir


