“Ənənəvi ailə modeli ilə müasir ailə modeli arasında bir çox fərq var”.
Bu sözləri ailə psixoloqu İlhamə Mustafayeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, əsas konkret və nəzərəçarpan fərq ənənəvi ailədə “biz” anlayışının olması idi:
“Yəni hər şey ailə üçün idi. Orada fərdlərin öz arzuları və ya istəkləri olmurdu. Hər şeyə ailə üçün dözülməli və güzəştə gedilməli idi. İndiki ailələrdə isə “hər şey mənim üçün” anlayışı hökm sürür.
Burada “biz” yox, daha çox “mən” var. Hər kəs öz “mən”indən çıxış edir: “Mənim istəyim, mənim arzum, mənim ehtiyaclarım, mənim tələbatlarım və s”. Artıq ailə “biz” olmaqdan çıxır, əsas şüar “mən” prinsipinə gedir. Burada narsisizm faktoru da var. İndi ailə quran insanlarda nikah sanki bir ittifaqdır, bu ittifaqın tərəfdaşları isə daha çox narsist olurlar”.
Ekspert qeyd edib ki, ənənəvi ailələrdə fərdin bir şəxsiyyət kimi istəkləri, ehtiyacları nəzərə alınmırdı:
“Daha çox ailənin bütövlüyü və “kim nə deyər” prinsipindən çıxış olunurdu. İndiki ailələrdə isə “heç nə mənim vecinə deyil, necə olur-olsun, əsas mənəm, ehtiyaclarımdır” düşüncəsi hakimdir. Üstəlik, gənc ailələrdə güzəşt halları çox aşağıdır. Belə faktorlar isə ailənin əsas bünövrəsini sərt şəkildə sarsıdır.
Həmçinin, ənənəvi ailələrdə nənə, baba, əmi, dayı, bibi olurdu. Yəni geniş ailələr üstünlük təşkil edirdi. Müasir ailələr isə kiçikdir. Hətta cütlüklər uşaqlarının tərbiyəsinə belə nənə-babanın qarışmasına icazə vermirlər. Bu da bir növ uşağın adət-ənənələri mənimsəməsini məhdudlaşdırır. Nəzərə almaq lazımdır ki, uşağın tərbiyəsində nənə, baba, əmi, dayı, xala və bibinin də rolu olmalıdır”.
Psixoloq əlavə edib ki, müasir cütlüklər ailələrinə kənar müdaxilələrə də izn vermirlər:
“Onlar, valideynlərinin həyatlarına qarışmasına əngəl olaraq, hər şeyə özləri qərar verirlər. Müasir ailələrdə ər və ya arvad təkbaşına gəzməyə getməyi də sevir. Keçmişdə isə belə şey yox idi. Sanki müasir dövrdə ailələrdəki emosiyalar da azalıb. Hətta gəzməyə belə şəkil çəkib paylaşmaü üçün gedənlər var.
Bundan başqa, indiki ailələrdə çöldə yemək yemək tələbatı artıb. Ailə büdcəsinə əhəmiyyət vermədən bunu tələb edirlər. Sadəcə fərd olaraq özlərini ön plana qoyurlar və sonunu düşünmədən addım atırlar. Yəni müasir və ənənəvi ailələr arasında bir çox belə fərq var”.
Pərviz



