Təyyarə biletləri niyə sürətlə bahalaşır?

İQTİSADİYYAT
15:00 / 28.07.2026
154

Son həftələrdə Azərbaycanda aviabiletlərin qiymətində müşahidə olunan kəskin artım müzakirələrə səbəb olub. 

Xüsusilə yay mövsümündə xaricə səfər planlaşdıran vətəndaşlar əvvəlki illərlə müqayisədə xeyli baha qiymətlərlə qarşılaşdıqlarını bildirirlər. Bəzi istiqamətlər üzrə biletlərin qiymətinin rekord həddə çatması bu bahalaşmanın səbəbləri, bazarda rəqabətin vəziyyəti və qiymətlərin gələcəkdə ucuzlaşıb-ucuzlaşmayacağı ilə bağlı sualları artırıb.

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, təyyarə biletlərinin bahalaşmasının əsas səbəblərindən biri tələbin artmasıdır: 

405759

“Məlumdur ki, yay mövsümündə insanlar istirahətə üz tuturlar. Bununla yanaşı, xaricdə on minlərlə azərbaycanlı tələbə təhsil alır. İstər Türkiyədə, istərsə də Avropa ölkələrində oxuyan tələbələr yay tətilində Azərbaycana gəlir, daha sonra isə yenidən təhsil aldıqları ölkələrə qayıdırlar. Quru sərhədlərin bağlı qalması aviabiletlərə tələbatı artırır. Tələbat artdıqca qiymətlər də yüksəlir”.

Ekspert hesab edir ki, payız aylarında biletlərin qiymətində müəyyən qədər ucuzlaşma müşahidə oluna bilər:

“Lakin quru sərhədlər bağlı qaldığı müddətdə aviabiletlərin bahalaşması davam edəcək. Çünki alternativ nəqliyyat imkanları çox məhduddur. Hazırda yalnız Gürcüstan üzərindən fəaliyyət göstərən bir qatar marşrutu var və bu da mövcud tələbatı tam qarşılaya bilmir”.

Həmsöhbətimiz xüsusilə Türkiyə istiqamətində aviabiletlərin qiymətlərinin yüksək olduğunu vurğulayıb: 

“Nəzərə almaq lazımdır ki, qardaş ölkədə təxminən 25-26 min azərbaycanlı tələbə təhsil alır. Biletlərin baha olması onların vətənə gəlib-getməsini çətinləşdirir”.

Günel Cəlilova

0