Yerli dondurmacının zəhməti, xarici şounun cazibəsi...

KÖŞƏ YAZILARI
15:10 / 30.07.2026
167

Bakının mərkəzində qeyri-adi satış üsulu ilə tanınan Mehmet Dinç dondurma təqdimatlarını kiçik bir şouya çevirərək diqqət mərkəzinə düşüb. 

Musiqi sədaları altında etdiyi hərəkətlər və alıcılarla qurduğu interaktiv ünsiyyət onun sosial şəbəkələrdə məşhurlaşmasına səbəb olub. Lakin bu görüntülərdə azərbaycanlıların onun qarşısında rəqs etməsi ictimaiyyət arasında müxtəlif fikirlərin yaranmasına gətirib çıxarıb. Bir qisim insan bunu sadəcə əyləncə və fərqli xidmət təqdimatı kimi qəbul etdiyi halda, digərləri bu davranışın cəmiyyətin dəyərləri ilə uyğun olmadığını düşünür.

Məsələyə münasibətlər də fərqlidir - bəziləri belə vəziyyətin yaranmasında dondurma satıcısının rolunu önə çəkir, digərləri isə iştirak edən vətəndaşların davranışını müzakirə edir. Sosial mediada hətta Mehmet Dinçin Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlar səsləndirənlər də tapılır.

Məsələ təkcə bir dondurma satıcısının əyləncəli təqdimatından ibarət deyil. Burada əsas müzakirə mövzusu cəmiyyətin öz davranış sərhədlərinə, milli-mənəvi dəyərlərinə və ictimai məkanda nümayiş etdirdiyi münasibətə yanaşmasıdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın zəngin mədəni irsi, özünəməxsus davranış ənənələri və ictimai etik normaları var. Təbii ki, əyləncə həyatın bir hissəsidir və insanların şənlənmək hüququ mövcuddur. Lakin hər bir cəmiyyətin formalaşmış dəyərləri var və həmin dəyərlərə uyğun davranmaq da sosial məsuliyyət hesab olunur.

Xüsusilə ictimai məkanda, kameralar qarşısında nümayiş etdirilən hərəkətlər insanın yalnız şəxsi seçimi kimi deyil, həm də cəmiyyətin ümumi imicinə təsir edən davranış kimi qiymətləndirilir. Bir dondurma satıcısının yaratdığı şouya qoşulmaqla əylənmək başqa məsələdir, bunu həddindən artıq nümayişkaranə və cəmiyyətin bir hissəsinin narahatlıqla qarşıladığı formada etmək isə tamam fərqli yanaşmadır. Müasir olmaq milli dəyərlərdən uzaqlaşmaq demək deyil. Əyləncə ilə mədəni davranış arasında sərhədi qorumaq hər bir insanın öz seçimidir. 

Daha düşündürücü məqam ondan ibarətdir ki, bəzən bu görüntüləri elə həmin şəxslərin yaxınları – dostları, qardaşları, nişanlıları və ya həyatındakı digər insanlar çəkərək sosial platformalarda paylaşırlar. Halbuki bir insanın özəl və ya ictimai davranışını çəkib geniş auditoriyaya təqdim etmək böyük məsuliyyət tələb edir. Çünki həmin video artıq yalnız bir şəxsin deyil, onu paylaşanların və aid olduğu cəmiyyətin də təqdimatına çevrilir.
Sosial şəbəkələrdə yayılan belə görüntülər qısa zamanda ölkə sərhədlərini aşır, xarici auditoriyaya da çatır. Bu baxımdan hər bir vətəndaş bilməlidir ki, kameraya alınan və yayımlanan hər görüntü sadəcə əyləncə materialı deyil, müəyyən mənada ölkənin sosial və mədəni portretinin bir hissəsinə çevrilə bilər.

Əylənmək, gülmək və şən anlar yaşamaq təbii haldır. Amma milli dəyərləri, ictimai həssaslıqları və şəxsi nüfuzu nəzərə almadan nümayiş etdirilən davranışlar sonradan arzuolunmaz nəticələr yarada bilər. Müasir dünyada sosial media böyük imkanlarla yanaşı, böyük məsuliyyət də yaradır. Paylaşılan hər görüntü yalnız həmin anı deyil, insanın və cəmiyyətin necə görünməsini də müəyyənləşdirir.

Məsələnin diqqətçəkən digər tərəfi isə ondan ibarətdir ki, həmin ərazidə fəaliyyət göstərən təkcə xarici dondurma satıcısı deyil. Orada öz zəhməti ilə çalışan, məhsulunu təqdim edən azərbaycanlı dondurma satıcıları da var. Onlar müştərilərə xidmətlərini sakit, mədəni və peşəkar şəkildə göstərərək öz qazancını halal zəhmətlə əldə etməyə çalışırlar.

Təəssüf doğuran məqam isə budur ki, bəzi alıcılar yerli satıcının zəhmətinə deyil, daha çox şouya, musiqiyə və rəqs elementlərinə üstünlük verir. Yəni seçim bəzən məhsulun keyfiyyətindən və satıcının əməyindən çox, yaradılan tamaşa üzərindən edilir.

Əyləncə elementləri insanların marağını cəlb edə bilər, amma cəmiyyət olaraq yalnız görüntüyə deyil, əməyə, peşəkarlığa və yerli dəyərlərə də qiymət verməyi bacarmalıyıq.

Günel Cəlilova

0