Yeni bir işə başlamaq insanın yalnız peşə bacarıqlarını nümayiş etdirdiyi mərhələ deyil, eyni zamanda yeni mühitə, fərqli insanlara və iş prinsiplərinə uyğunlaşdığı bir dövrdür.
İlk günlərdə yaşanan tərəddüdlər, ünsiyyət çətinlikləri və kollektivə alışma prosesi hər bir əməkdaş üçün fərqli şəkildə keçir. Bəzən istedadlı və bacarıqlı bir işçi belə yeni mühitə uyğunlaşmaqda çətinlik çəkə bilər. Bu isə bir çox hallarda işçinin potensialından deyil, adaptasiya prosesinin necə təşkil olunmasından asılı olur.
Bəs yeni əməkdaşın kollektivə tam uyğunlaşması üçün nə qədər vaxt lazımdır və bu mərhələnin uğurlu keçməsi üçün hansı amillər vacibdir?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, yeni iş mühitinə və fərqli şəraitə keçid hər kəs üçün eyni dərəcədə asan olmur:

“Bəzi şəxslər dəyişikliklərə qısa müddətdə uyğunlaşsa da, digərləri yeni qaydalara, kollektivə və iş prinsiplərinə öyrəşməkdə çətinlik çəkirlər. Bu çətinliklər bəzən insanlarda riskdən uzaq durmaq və mövcud vəziyyəti qorumaq istəyini gücləndirir. Nəticədə isə qarşılarına çıxan yeni imkanlardan yararlanmaq əvəzinə, uzun müddət eyni şəraitdə qalmağa üstünlük verirlər”.
Ekspert hesab edir ki, həm peşə həyatında, həm də şəxsi yaşamda baş verən dəyişikliklər insan üçün müəyyən sınaqlar yarada bilər:
“Yeni mühitə uyğunlaşma zamanı yaranan narahatlıq və tərəddüdlər təbii psixoloji reaksiyalardır. Bu baxımdan, insanların dəyişikliklər qarşısında daha hazırlıqlı olması üçün psixoloji möhkəmliklərini inkişaf etdirmələri vacibdir. Daxili inamı və çevik düşünmə bacarığı güclü olan insanlar yeni iş və yaşayış şəraitinə daha rahat uyğunlaşır, dəyişiklikləri isə təhlükə deyil, yeni imkan kimi qəbul edirlər”.
Günel Cəlilova


