Yerli quru meyvələr niyə bazarda tapılmır?

İQTİSADİYYAT
13:15 / 30.07.2026
137

Azərbaycanda müxtəlif növ meyvələrin bol yetişdirilməsinə baxmayaraq, bazarlarda yerli quru meyvə axtaran alıcılar çox vaxt istədiklərini tapa bilmirlər. 

Piştaxtalarda daha çox xarici ölkələrdən gətirilmiş məhsullar üstünlük təşkil edir, yerli istehsal isə ya çox məhdud sayda olur, ya da ümumiyyətlə satışa çıxarılmır. Bu vəziyyət istehlakçılarda haqlı sual yaradır: Meyvə istehsalında kifayət qədər potensialı olan ölkədə yerli quru meyvələr niyə bazarın əsas iştirakçısına çevrilə bilmir?

İqtisadçı Asif İbrahimov Hit.az-a açıqlamasında bildirib ki, yerli istehsalın böyük hissəsi ixraca yönəlir: 

“Azərbaycan xurma, ərik, gavalı və digər quru meyvələri Rusiya, Körfəz ölkələri və bəzi Avropa dövlətlərinə ixrac edir. Bu səbəbdən daxili bazar çox vaxt ikinci planda qalır. Ölkəmizdə qurutma sənayesi müəyyən qədər inkişaf edib. Müasir avadanlıqlara malik müəssisələr isə özləri üçün daha gəlirli hesab etdikləri bazarlara üstünlük verirlər”.

Həmsöhbətimiz əlavə edib ki, meyvə istehsalı yüksək olsa da, qurutma müəssisələrinin sayı məhduddur:

405945

“Buna görə də məhsulun əhəmiyyətli hissəsi emal edilmədən, təbii şəkildə satışa çıxarılır. Digər səbəb isə pərakəndə ticarət şəbəkələrinin tələbləridir. Belə ki, həmin şəbəkələr məhsulların standart ölçülərə və müəyyən edilmiş normalara uyğun olmasını tələb edirlər. Bununla yanaşı, bazarda idxal məhsulları da üstünlük təşkil edir. İdxal edilən məhsullara müəyyən əlavələr edildiyindən onlar daha çox alıcı cəlb edir”. 

Ekspertin dediyinə görə, yerli meyvələrin keyfiyyəti yüksək olsa da, onlar vahid standart və uyğun qablaşdırma olmadan satışa təqdim edilir: 

“Bu istiqamətdə müəyyən çatışmazlıqlar mövcuddur. Üstəlik, yerli məhsullar ilboyu bazarda olmur. Halbuki idxal məhsullarına ilin bütün fəsillərində rast gəlmək mümkündür. Yerli istehsalın inkişafı üçün bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi vacibdir”.

Günel Cəlilova

0