Paltaryuyan maşındakı simvollar: kəpənək, spiral, çiçək nə deməkdir?

TEXNO
10:57 / 02.08.2026
46

Paltaryuyan maşınların idarəetmə panelində onlarla müxtəlif proqram və simvol yerləşsə də, istifadəçilərin əksəriyyəti demək olar ki, həmişə eyni yuma rejimindən istifadə edir. Halbuki hər bir işarə konkret parça növü və ya yuma funksiyası üçün nəzərdə tutulub. 

HİT.az xəbər verir ki, "Digi24.ro" nəşrinin yazdığına görə, düzgün proqram seçimi paltarların daha yaxşı qorunmasına, su və elektrik enerjisinə qənaət edilməsinə, həmçinin məişət texnikasının istismar müddətinin uzanmasına kömək edir.

Məqalədə qeyd olunur ki, bəzi modellərdə zərif parçalar üçün nəzərdə tutulan proqram kəpənək işarəsi ilə göstərilir, spiral simvolu isə adətən sıxmanı ifadə edir. Bununla belə, işarələrin mənası istehsalçıdan asılı olaraq dəyişə bilər.

Niyə simvolları bilmək vacibdir?

Mütəxəssislərin sözlərinə görə, uyğun olmayan proqram seçildikdə zərif parçalar zədələnə, yun geyimlər yığıla, güclü çirklənmiş paltarlar isə tam təmizlənməyə bilər. Eyni zamanda, ehtiyac olmadığı halda yüksək temperaturdan mütəmadi istifadə enerji sərfiyyatını artırır və parçaların daha tez köhnəlməsinə səbəb olur.

Kəpənək işarəsi nəyi göstərir?

Kəpənək simvolu bir çox istehsalçı tərəfindən zərif parçalar üçün nəzərdə tutulmuş yuma proqramını ifadə edir. Bu rejim ipək, krujeva, atlas, tül və digər həssas materiallar üçün uyğundur.

Bu proqram zamanı baraban daha yavaş fırlanır, suyun temperaturu aşağı olur və sıxma ya zəif sürətlə həyata keçirilir, ya da ümumiyyətlə məhdudlaşdırılır. Məqsəd parçanın liflərini mexaniki zədələnmədən qorumaqdır.

Spiral işarəsi nə deməkdir?

Spiral formasındakı simvol əksər paltaryuyan maşınlarda sıxma funksiyasını bildirir. Bu rejim paltardakı suyun maksimum dərəcədə çıxarılmasına kömək edir və quruma müddətini azaldır.

Əksər modellərdə sıxma sürəti dəqiqədə 400–1600 dövrə arasında tənzimlənə bilir. Yüksək sürət dəsmal, yataq dəsti və pambıq məhsulları üçün daha uyğundur. İpək, yun, viskoza və köynəklər üçün isə aşağı sıxma sürəti tövsiyə olunur.

Pambıq çiçəyi işarəsi nəyi ifadə edir?

Pambıq çiçəyi simvolu pambıq və digər davamlı parçalar üçün nəzərdə tutulmuş yuma proqramını göstərir. Bu rejim dəsmallar, yataq dəstləri, futbolkalar və pambıq köynəklər üçün tövsiyə edilir.

Yuma temperaturu parçanın çirklənmə dərəcəsindən və etiketdəki göstərişlərdən asılı olaraq 20–90 dərəcə arasında dəyişə bilər. Müasir yuyucu vasitələr aşağı temperaturda da effektiv olduğundan, istehsalçılar yüksək temperaturdan yalnız zəruri hallarda istifadə etməyi məsləhət görürlər.

Əllə yuma işarəsi nə deməkdir?

İçərisində əl təsvir olunan su qabı simvolu çox zərif parçalar üçün nəzərdə tutulmuş proqramı göstərir. Bu rejim əl ilə yumanı təqlid edir.

Belə proqram zamanı baraban yavaş və fasiləli hərəkət edir, suyun temperaturu aşağı saxlanılır, sıxma isə ya minimuma endirilir, ya da tamamilə söndürülür.

Mütəxəssislər vurğulayırlar ki, bu simvolu geyim etiketindəki "yalnız əl ilə yuyulsun" işarəsi ilə qarışdırmaq olmaz. Əgər geyimin etiketində yalnız əl ilə yuma göstərilibsə, onu paltaryuyan maşında, hətta belə proqram olsa belə, yumaq məsləhət görülmür.

Samir
 

0