Kişinin evdə çox olması qadın üçün problemdir?

SOSİAL
14:35 / 31.07.2026
237

“Bəzən kişinin evdə çox vaxt keçirməsi qadınlar üçün problemə çevrilə bilir”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən danışıb:


“Bu mövzuya stereotiplər və ya birmənalı qəliblərlə deyil, məhz psixoloji baxımdan yanaşmaq lazımdır. Çünki “kişinin evdə çox olması qadın üçün problemdir” fikri tam olaraq doğru deyil. Burada əsas məsələ insanın fiziki olaraq evdə mövcudluğu yox, evdəki rol bölgüsü, şəxsi sərhədlər və münasibətin keyfiyyətidir.

Əgər kişi evdə olduğu müddətdə ailə həyatına aktiv şəkildə qoşulur, həyat yoldaşı və uşaqları ilə keyfiyyətli vaxt keçirib onların qayğıları ilə maraqlanır, ev işlərində məsuliyyəti bölüşür və xanımına emosional dəstək verirsə, bu vəziyyət münasibətləri gücləndirir. Həmin şəxsin evdə olması ailəyə daha gözəl duyğular və müsbət emosiyalar qatır”.

Lakin ekspert qeyd edib ki, bəzi hallarda kişinin evdə çox olması narazılıq doğurur:
“Bunun isə bir neçə əsas psixoloji səbəbi var. Birincisi qadın üçün şəxsi məkanın azalmasıdır. Yəni hər bir insanın gün ərzində tək qalmağa və özünə vaxt ayırmağa ehtiyacı var. Daim birlikdə olmaq bəzi insanlarda istər-istəməz psixoloji gərginlik yarada bilər. 

Bundan başqa, rol bölgüsünün pozulması da problemə səbəb ola bilər. Əgər kişi evdə olsa da, bütün məsuliyyət yalnız qadının üzərində qalarsa və xanım yanında birinin olmasına baxmayaraq özünü tək hiss edərsə, bu, emosional yorğunluğa səbəb olar”.

Psixoloq bildirib ki, bəzən kişinin evdə qadını işlərinə müdaxilə etməsi gərginlik yaradır:
“Bəzi münasibətlərdə tərəflərdən biri digərinin hər addımına, yanaşmasına və gördüyü işə müdaxilə edir. Məsələn, qadın ev işi görərkən kişinin hər prosesə müdaxilə etməsi narazılıq yaradır. Burada problem evdə olmaq deyil, qadının şəxsi sərhədlərinə və əməyinə hörmət edilməməsidir. 

Həmçinin, eyni evdə uzun müddət birlikdə qalmaq hələ keyfiyyətli münasibət demək deyil. İnsanlar fiziki olaraq eyni məkanı paylaşsalar da, emosional olaraq bir-birindən tamamilə uzaq ola bilərlər. Psixoloji baxımdan qadının ehtiyacı kişinin evdə neçə saat keçirməsi və ya sadəcə fiziki olaraq yanında oturması deyil”.

Nabat Mirzəyeva fikirlərini belə yekunlaşdırıb:
“Bir çox hallarda əri evdə çox olan qadına rəfiqələri “Daha nə istəyirsən? Kişi bütün günü evdədir, heç yerə getmir. Başqa kişilər kənarda saatlarla vaxt keçirir” kimi sözlər deyirlər. Lakin əsas məsələ bu deyil. Önəmli olan qadını anlayan, ona hörmət edən və məsuliyyəti bölüşən bir həyat yoldaşının varlığıdır.

Yəni kişinin evdə olması öz-özlüyündə problem deyil. Əgər kişi anlayışlı, diqqətli, ailəsinə vaxt ayıran, dəyər verən və həyat yoldaşına dəstək olan biridirsə, onun evdə olması qadın üçün rahatlıqdır. Əksinə, kişi fiziki olaraq evdə olub, ruhən orada yoxdursa və ya qadının işlərinə müdaxilə edib onu incidirsə, onun evdə olub-olmaması müsbət mənada bir əhəmiyyət kəsb etmir. 

Çünki problem kişinin evdə çox olması deyil, evdəki münasibətin necə qurulmasıdır. Sevgi, hörmət və əməkdaşlıq olan ailədə birlikdə keçirilən vaxt çox dəyərli olur və bağları möhkəmləndirir. Bu təməllər olmadıqda isə ən kiçik məsələ belə söz-söhbətə, mübahisəyə və münaqişəyə çevrilə bilər”.

Pərviz

0