Skuterlərə də nömrə veriləcək?

ÖLKƏ
13:33 / 29.07.2026
154

Şəhər nəqliyyatında alternativ vasitə kimi istifadə olunan skuterlərin sayı son illərdə sürətlə artıb. 

Rahatlığı, qənaətcilliyi və tıxaclarda hərəkət imkanına görə bu nəqliyyat vasitəsinə maraq yüksəlsə də, onun istifadəsi ilə bağlı bəzi problemlər də gündəmə gəlir. Xüsusilə yol hərəkəti qaydalarına əməl etməyən, piyadalar və digər nəqliyyat vasitələri üçün təhlükə yaradan skuter sürücüləri ilə bağlı narazılıqlar artır. Bu isə skuter istifadəsinə nəzarət mexanizmlərinin, o cümlədən sürücülük vəsiqəsi kimi tələblərin tətbiqi məsələsini yenidən müzakirəyə çıxarır.

Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında deyib ki, skuterlərlə bağlı zaman-zaman müxtəlif qayda pozuntularına rast gəlinir:

405834
“Dünyanın müxtəlif ölkələrində skuterlərin hərəkətinə yanaşma fərqlidir. Məsələn, Azərbaycanda bu məsələyə bir cür, Avropa ölkələrində başqa cür, inkişaf etməkdə olan ölkələrdə isə fərqli yanaşılır. Fərq ondan ibarətdir ki, bəzi ölkələrdə skuter və digər elektrik mühərrikli kiçik nəqliyyat vasitələri nəqliyyat vasitəsi kimi, bəzi ölkələrdə isə əyləncə vasitəsi kimi qəbul edilir.

Əyləncə vasitəsi kimi istifadə olunan skuterlərin hərəkəti üçün hava şəraiti də önəmlidir. Onlardan əsasən günəşli havalarda istifadə etmək mümkündür. Küləkli, yağışlı və qarlı havalarda isə skuterlə hərəkət etmək təhlükə yarada bilər”.

Həmsöhbətimiz bildirib ki, skuterlər artıq qeydiyyata alınır:

“Onlar gömrük rəsmiləşdirilməsi zamanı uçota götürülür. Lakin hazırda bu nəqliyyat vasitələri üçün ayrıca nömrə verilməsi və sürücülük vəsiqəsi tələbinin tətbiqi gündəmdə deyil. Gələcəkdə bununla bağlı hər hansı addım atıla bilər. Lakin nəzərə almaq lazımdır ki, insanlar skuterləri hələ də tam olaraq nəqliyyat vasitəsi kimi deyil, daha çox əyləncə və rahat hərəkət vasitəsi kimi qəbul edirlər. Sadəcə olaraq, bu nəqliyyat növünə nəzarət mexanizmlərini gücləndirmək lazımdır”. 

Günel Cəlilova

0