Dönərdən zəhərlənmə halları niyə səngimir?

HADİSƏ
13:29 / 31.07.2026
178

Qida mənşəli zəhərlənmələr təkcə ayrı-ayrı hadisə deyil, həm də ictimai sağlamlıq üçün ciddi xəbərdarlıq siqnalıdır. 

Zaqatalada bir neçə nəfərin eyni vaxtda dönər istehlak etdikdən sonra səhhətində yaranan problemlər bu sahədə nəzarət mexanizmlərinin əhəmiyyətini yenidən gündəmə gətirdi. Belə hadisələr hansı nöqsanlardan qaynaqlanır, qidaların hazırlanması və saxlanılması zamanı ən çox hansı səhvlərə yol verilir? İaşə obyektlərində istehlakçıların sağlamlığını qorumaq üçün hansı sanitariya və təhlükəsizlik tələbləri mütləq şəkildə təmin edilməlidir?

Qida eksperti Ağa Salamov Hit.az-a açıqlamasında bildirib ki, dönər istehlakından sonra baş verən qida zəhərlənmələri uzun müddətdir müşahidə olunan problemdir və belə faktların sayında azalma hiss edilmir: 

406074

"Bu məhsulun təhlükəsizliyi ilk növbədə istifadə olunan xammalın keyfiyyətindən və istehsal prosesinin düzgün təşkilindən asılıdır. Xüsusilə toyuq ətindən hazırlanan dönərlər daha həssas hesab olunur. Çünki bu növ ət saxlanma və emal qaydalarına əməl edilmədikdə mikrobioloji çirklənməyə daha meyilli olur. Qiymət baxımından daha əlçatan olduğu üçün bir çox iaşə obyektləri seçimlərini məhz toyuq ətindən yana edir".

Ekspertin fikrincə, qida təhlükəsizliyini pozan əsas amillərdən biri məhsulun temperatur rejiminə uyğun saxlanılmamasıdır:

"Ət lazımi şəraitdə mühafizə edilmədikdə bakteriyalar qısa müddətdə çoxalır və bu da istehlakçılar üçün ciddi sağlamlıq riski yaradır. Təkcə bişirmə prosesi deyil, ətin tədarükü, daşınması, saxlanılması və hazırlanması zəncirinin bütün mərhələlərində sanitariya tələblərinə ciddi riayət olunmalıdır. Bu zəncirin istənilən hissəsində buraxılan nöqsan son nəticədə qida zəhərlənməsi ilə nəticələnə bilər".

Günel Cəlilova

0