Yollarımız niyə çökür?

HADİSƏ
16:00 / 01.08.2026
40

Bakıda yolların çökməsi halları artıq vaxtaşırı gündəmə gələn problemlərdən birinə çevrilib. Son illər paytaxtın müxtəlif küçə və prospektlərində asfalt örtüyünün qəfil çökməsi nəticəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır, bəzi hallarda isə avtomobillər yaranan çuxurlara düşərək zədələnir. Bu cür hadisələr həm sürücülərin, həm də piyadaların təhlükəsizliyi baxımından narahatlıq doğurmaqla yanaşı, yol infrastrukturunun dayanıqlığı və yeraltı mühəndis-kommunikasiya şəbəkələrinin vəziyyəti ilə bağlı müzakirələri də yenidən gündəmə gətirir.

“Bakının relyefi yolların çökməsi riskini artıran əsas təbii amillərdən biridir”

Coğrafiya İnstitutunun “Ekocoğrafiya" şöbəsinin müdiri Ənvər Əliyev “Kaspi” qəzetinə bildirdi ki, Bakının relyefi yolların çökməsi riskini artıran əsas təbii amillərdən biridir: “Şəhərin ümumi relyefi böyük bir amfiteatrı xatırladır. Yasamal tirələrinin nisbi hündürlüyü dəniz səviyyəsindən təxminən 360 metr, Xəzər dənizinin səviyyəsi isə -28 metr təşkil edir. Bu hündürlük fərqi nəticəsində güclü yağışlar və ya su axınları zamanı sular yüksək ərazilərdən aşağı hissələrə axaraq torpaq qatlarını yuyur. Bu prosesdə ərazinin litoloji quruluşu da mühüm rol oynayır. Bakı tarixən küləkli şəhər olub. Ətraf quraq ərazilərdən küləyin gətirdiyi toz və xırda torpaq hissəcikləri zamanla burada toplanaraq müxtəlif qalınlıqda çöküntü qatları formalaşdırıb. Xüsusilə çökəkliklərdə qalın gil qatları yaranıb, yüksək ərazilərdə isə bu qatlar daha nazikdir. Yumşaq süxurlar və torpaq layları suyun təsiri altında asanlıqla yuyulduğundan həmin ərazilərdə boşluqlar yarana və bu da yol örtüyünün çökməsinə şərait yarada bilər”.

Ə.Əliyevin sözlərinə görə, Bakının sürətli urbanizasiya prosesi də yol infrastrukturuna əlavə yük yaradıb: “Bakı inzibati mərkəzə çevrildikdən sonra şəhərə həm xaricdən, həm də ölkənin müxtəlif bölgələrindən intensiv əhali axını başladı. Bunun nəticəsində əhalinin sayı sürətlə artdı. Əhali artımı ilə paralel olaraq avtomobillərin sayı da çoxaldı və bu, mövcud yol infrastrukturuna ciddi yük gətirdi. Sovet dövründə nəqliyyat vasitələrinin sayı indiki qədər deyildi. Bu gün isə həm minik, həm də ağır tonnajlı nəqliyyat vasitələrinin intensiv hərəkəti yolların istismar müddətinə birbaşa təsir göstərir”.

Ekspert qeyd edir ki, yol tikintisi xüsusi mühəndislik standartlarına əsaslanan mürəkkəb texnoloji prosesdir və bu normalara tam əməl olunmaması sonradan müxtəlif problemlərə səbəb ola bilər: “Binaların dayanıqlığı əsasən zəlzələ zamanı sınaqdan çıxırsa, yolların keyfiyyəti gündəlik istismar zamanı özünü göstərir. Güclü yağışlar, intensiv avtomobil axını və xüsusilə ağır yük maşınlarının hərəkəti yolun konstruksiyasında olan çatışmazlıqları qısa müddətdə üzə çıxara bilir”.

Mütəxəssis hesab edir ki, problem təkcə avtomobil yolları ilə məhdudlaşmır, şəhərin piyada infrastrukturu da ciddi problemlərlə üzləşir: “Şəhərdə səkilərə diqqət yetirsəniz, görərsiniz ki, təkcə avtomobil yollarında deyil, səkilərdə də çökmələr və deformasiyalar var. Demək olar ki, tam hamar səkiyə rast gəlmək çətindir. Eyni vəziyyət parkların döşəmə örtüklərində də müşahidə olunur. Bu cür qüsurlar xüsusilə yaşlı insanlar və hərəkət məhdudiyyətli şəxslər üçün ciddi problem yaradır. Norveçin paytaxtı Osloda səki daşlarının səviyyəsi millimetr dəqiqliyi ilə tənzimlənir ki, insanlar onlara ilişərək yıxılmasın. Təəssüf ki, bizdə bu məsələyə kifayət qədər diqqət yetirilmir”.

Ə.Əliyevin sözlərinə görə, yolların çökməsinin əsas səbəblərindən biri də yağış sularının düzgün kənarlaşdırılmaması və yeraltı kommunikasiya şəbəkələrində yaranan nasazlıqlardır: “Güclü yağışlar zamanı asanlıqla yuyulan gilli torpaqların mövcudluğu riski artırır. Kanalizasiya və digər yeraltı kommunikasiya xətlərində yaranan ən kiçik nasazlıq, hətta boruların cəmi bir neçə santimetr yerini dəyişməsi belə su sızmasına səbəb olur. Su torpağı yuyaraq boşluqlar yaradır. Bu boşluğun üzərindən nəqliyyat vasitəsi keçən kimi yol örtüyü çökür. Bu cür problemlərin qarşısını almaq üçün yol tikintisi zamanı beynəlxalq standartlara uyğun texnologiyaların tətbiqi vacibdir. Avropa ölkələrində və bəzi Asiya dövlətlərində yolun əsası bir neçə metr dərinliyədək hazırlanır, müxtəlif fraksiyalı çınqıl qat-qat döşənir və hər qat ağır texnika ilə günlərlə sıxlaşdırılır. Bundan sonra qalın asfalt örtüyü salınır. Belə texnologiya suyun yolun alt qatlarına nüfuz etməsinin qarşısını alır və örtüyün dayanıqlığını artırır. Bundan əlavə, yolun maililiyinin düzgün hesablanması da mühüm əhəmiyyət daşıyır. Əgər yolun maililiyi düzgün layihələndirilməzsə, yağış suları müəyyən nöqtələrdə toplanacaq. Son vaxtlar yağan intensiv yağışlar da mövcud problemləri açıq şəkildə üzə çıxardı”.

Yol infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib ki, yolların çökməsi halları həm Bakıda, həm də bölgələrdə müşahidə olunur və hər bir hadisəyə ayrıca yanaşmaq lazımdır: “Əgər yol uzun illər heç bir problem yaratmadan istifadə olunubsa və qəfil çökübsə, ilk növbədə yeraltı kommunikasiya xətlərini araşdırmaq lazımdır. Xüsusilə su və kanalizasiya xətləri yolun dayanıqlılığına ciddi təsir göstərir. Su sızmaları torpağı yuyaraq boşluqlar yaradır. Kanalizasiya kollektorlarında axının güclü olması da eyni nəticəyə gətirib çıxara bilər”.

Mütəxəssis bildirir ki, yolun çökməsi tikinti keyfiyyəti ilə də bağlı ola bilər. Lakin bu halda proses adətən qəfil deyil, tədricən baş verir: “Tikinti zamanı istifadə olunan materiallar və ya texnologiya standartlara uyğun olmadıqda yol örtüyü zamanla çökməyə başlayır. Əvvəlcə kiçik deformasiyalar yaranır, sonradan həmin hissələrə təmir məqsədilə yamaq vurulur, lakin problem aradan qaldırılmadığı üçün çökmə davam edir. Buna görə də qəfil baş verən çökmələrlə tədricən yaranan deformasiyaları bir-birindən fərqləndirmək lazımdır. Hər bir çökmə hadisəsi ayrıca araşdırılmalı, səbəb müəyyənləşdirildikdən sonra aradan qaldırılmalıdır”.

Mütəxəssis sonda vurğuladı ki, yol tikintisi normativ tələblərə uyğun aparıldıqda, material seçimi, işlərin ardıcıllığı və texnologiya düzgün tətbiq edildikdə belə problemlərin yaranma ehtimalı minimuma enir. ("Kaspi" qəzeti)

0