İlk "həqiqi" itin ağaclara dırmaşdığı və gəlincikə bənzədiyi bildirilir

DÜNYA
20:55 / 01.08.2026
51

Müasir itlərin, canavarların və tülkülərin əcdadı hesab olunan "Hesperocyon" cinsi təxminən 40 milyon il əvvəl yaşamış ilk "həqiqi" itlərdən biri sayılır. 

HİT.az xəbər verir ki, bu barədə "BBC Wildlife Magazine" məlumat yayıb.

Məlumata görə, nəsli kəsilmiş bu nümayəndə Şimali Amerikada gec Eosen dövründən (təxminən 42,5 milyon il əvvəl) erkən Oliqosen dövrünədək (təxminən 31 milyon il əvvəl) yaşayıb. Onun arealı Kanadanın cənubundan Koloradoya qədər uzanıb. "Hesperocyon" adı isə "qərb iti" mənasını verir və bu heyvanın həmin bölgəyə xas olmasını əks etdirir.

Alimlər "Hesperocyon gregarious" və "Hesperocyon coloradensis" olmaqla iki növ müəyyən ediblər. Bununla yanaşı, aid olduğu "Hesperocyoninae" yarımfəsiləsində ümumilikdə ən azı 28 növün mövcud olduğu bildirilir.

Mütəxəssislərin fikrincə, "Hesperocyoninae" itkimilərin təkamülündə ilk əsas qol olub. Sonradan nəsli kəsilmiş "Borophaginae" və müasir itkimiləri əhatə edən "Caninae" yarımfəsilələri formalaşıb.

"Hesperocyon" təxminən 80 santimetr uzunluğunda, uzun quyruqlu, alçaq bədən quruluşlu, sivri burunlu və qısa ayaqlı olub. O, xarici görünüşünə görə daha çox gəlinciyi xatırladıb.

Bu heyvanın pəncələrində beş barmaq və ağaclara dırmaşmağa uyğunlaşdığı ehtimal olunan iri caynaq mövcud olub. Alimlər hesab edirlər ki, "Hesperocyon" əsasən meşələrdə yaşayır, ağaclara dırmaşır və kolluqlarda ov axtarırdı.

Paleontoloqların fikrincə, bu növün meşə mühitindən açıq ərazilərə keçidi itlərin təkamülündə mühüm mərhələ olub və onların ağaclarda yaşayan yırtıcılardan iri quru yırtıcılarına çevrilməsinə şərait yaradıb.

Xarici görünüşü müasir itlərdən fərqlənsə də, onun kəllə və diş quruluşu tipik itkimilərə xas xüsusiyyətlərə malik idi. Məhz bu əlamətlər paleontoloqlara "Hesperocyon"u erkən itkimilərdən biri kimi müəyyən etməyə imkan verib.

Alimlər hesab edirlər ki, "Hesperocyon" əsasən ətyeyən olub, lakin vaxtaşırı bitki mənşəli qidalar da qəbul edib. O, əsasən gəmiricilər və iri olmayan digər heyvanları, ehtimal ki, pusqu quraraq ovlayıb.

Bu növün təxminən 11,5 milyon il mövcud olduğu bildirilir. Onun nəslinin kəsilməsinin dəqiq səbəbi məlum olmasa da, alimlər əsas amillərdən biri kimi iqlim dəyişikliklərini göstərirlər. Şimali Amerikada subtropik meşələrin azalması və çöllərin genişlənməsi daha sürətli və uzunayaqlı yırtıcıların üstünlük qazanmasına səbəb olub. Bundan əlavə, erkən pişikkimilərlə rəqabətin də bu prosesdə rol oynadığı ehtimal edilir.

Samir

0