Azərbaycanda beynəlxalq platformalar üçün film və serial çəkilmir – NİYƏ?

MƏDƏNİYYƏT
14:40 / 30.07.2026
228

Dünya ölkələrində müxtəlif beynəlxalq platformalar üçün xüsusi film və ya seriallar çəkilir.

“Netflix”, “HBO”, “Disney+”, “Prime Video” kimi platformalarla ölkələrin istehsal etdikləri ekran işləri bütün dünyada izlənilir. Lakin belə bir dövrdə Azərbaycan bu tendensiyadan kənarda qalmaqda davam edir. Qonşu ölkələr və dünya kinematoqrafiyası beynəlxalq auditoriyanı fəth etmək üçün rəqəmsal platformalara yönəlsə də, ölkəmizdə bu spesifik formata uyğun xüsusi film və ya serial layihələri çəkilmir. 

Yerli mütəxəssislər bu durğunluğu həm maliyyə resurslarının çatışmazlığı, həm də beynəlxalq standartlara cavab verən ssenari və prodakşın mexanizmlərinin tam formalaşmaması ilə əlaqələndirirlər. Mərkəzi və Şərqi Avropa ölkələri öz mədəniyyətini və kino potensialını qlobal platformalar vasitəsilə təbliğ etdiyi halda, Azərbaycan kino sektoru hələ də daxili bazarın dar çərçivəsində sıxılıb qalıb. 

Beynəlxalq distribusiya şirkətlərinin tələblərinə cavab verən məzmunun olmaması yerli rejissor və aktyorların xarici auditoriyaya çıxış imkanlarını kəskin şəkildə məhdudlaşdırır. Nəticədə, həm zəngin hekayələrimizi dünya tamaşaçısına çatdırmaq şansını itirir, həm də qlobal media bazarından əldə oluna biləcək böyük gəlirlərdən məhrum oluruq. 

Mövzu ilə bağlı Xpress.az saytının təsisçisi, səntəşünas Xəyalə Rəis Hit.az-a açıqlama verib.

O bildirib ki, bu gün bir çox ölkələr film və serial sənayesini təkcə mədəniyyət sahəsi kimi deyil, həm də iqtisadiyyatın, turizmin və ölkənin beynəlxalq imicinin mühüm alətlərindən biri kimi qiymətləndirirlər: 
“Xüsusilə “Netflix”, “Prime Video”, “Disney+”, “Max” və digər platformalarda yayımlanan uğurlu layihələr həmin ölkələrin tarixini, mədəniyyətini və həyat tərzini milyonlarla tamaşaçıya təqdim etməklə yanaşı, böyük iqtisadi dəyər də yaradır.

Azərbaycan isə zəngin tarixi, folkloru, müasir sosial mövzuları və peşəkar yaradıcı potensialına baxmayaraq, bu bazarda hələ də gözlənilən səviyyədə təmsil olunmur. Bu vəziyyət istedad çatışmazlığı ilə izah edilə bilməz. Ölkədə güclü aktyorlar, rejissorlar, ssenaristlər, operatorlar və bəstəkarlar var. Əsas məsələ bu potensialın sistemli şəkildə inkişaf etdirilməsi və beynəlxalq bazara yönəldilməsidir”.

Mütəxəssis qeyd edib ki, problem investisiya mühitinin məhdudluğu, uzunmüddətli strategiyanın olmaması, beynəlxalq koproduksiya imkanlarından kifayət qədər istifadə edilməməsi və qlobal auditoriyaya hesablanmış layihələrin azlığı ilə bağlı ola bilər:
“Çünki beynəlxalq uğur təsadüf nəticəsində deyil, peşəkar ssenari inkişafı, yüksək istehsal keyfiyyəti, düzgün marketinq və davamlı dövlət-özəl sektor əməkdaşlığı hesabına əldə olunur. Dünya təcrübəsi göstərir ki, uğurlu film və seriallar təkcə ekran məhsulu deyil. 

Onlar ölkənin “yumşaq gücü”nü formalaşdırır, turizmi stimullaşdırır, xarici investisiyanı cəlb edir və yaradıcı sənayenin inkişafına təkan verir. Bu baxımdan, kino sahəsinə ayrılan vəsaitə sadəcə xərc kimi deyil, uzunmüddətli iqtisadi və mədəni investisiya kimi yanaşmaq daha məqsədəuyğundur”.

Xəyalə Rəis diqqətə çatdırıb ki, Azərbaycanın dünya auditoriyasını cəlb edə biləcək kifayət qədər güclü hekayələri var:
“Məsələ bu hekayələrin necə təqdim olunacağı, hansı keyfiyyət standartları ilə istehsal ediləcəyi və onları beynəlxalq bazara çıxaracaq ekosistemin qurulmasıdır.

Potensial mövcuddur. İndi əsas ehtiyac bu potensialı strateji baxış, peşəkar idarəetmə və davamlı investisiya ilə real uğura çevirməkdir”.

Elmir Mustafa

0