Mehdiyevin verdiyi bina geri alınmır, sökülürsə... - Video

ÖLKƏ
14:30 / 06.09.2020
1298

Xəbər verdiyimiz kimi, ötən gündən məhkəmənin verdiyi qərar əsasında Murtuza Nağıyev küçəsi 4-6 ünvanındakı qanunsuz tikilinin söküntüsünə başlanılıb.

Sözügedən bina xaricdə Azərbaycana qarşı aktiv fəaliyyəti ilə seçilən hüquqşünas Qurban Məmmədova məxsusdur. Q.Məmmədova bu binanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun istəyi ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən verildiyi bildirilir.

Söküntü işləri isə ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə tanınmış imza sahiblərindən tutumuş ictimai fəallara qədər, böyük əksəriyyət müəyyən xərc çəkilmiş hazır tikilinin sökülməsi əvəzinə onun dövlət mənafeyinə müsadirə olunması və ehtiyacı olan şəxslərə - şəhid ailələrinə, məcburi köçkünlərə verilməsini daha doğru addım sayır. Belə ki, beşmərtəbəli sözügedən tikilidə azı 10-15 şəhid ailəsini evlə təmin etmək mümkündür.

Bəs, rəsmi qurumlar niyə bu addımı atmır? Q.Məmmədova verilən tikili niyə dövlət nəfinə müsadirə edilmir, əvəzində isə sökülür?

Mövzu ilə bağlı saytımıza danışan tanınmış hüquqşünas Səməd Vəkilov bildirib ki, hər şeydən öncə binanın niyə qanunsuz sayılması məsələsinə baxılmalıdır:

“İctimaiyyətə məhkəmənin qərarı açıqlanmayıb və ona görə də bu məsələdə konkret fikir söyləmək olmaz. Əgər qanunsuzluq yalnız binanın Qurban Məmmədova heç bir əsası olmadan verilməsindən ibarətdirsə, hüquq-mühafizə orqanları sözügedən sənədlərin ləğvi haqda qərar çıxartdırmalı, eyni zamanda bu qanunsuz sənədləri verən şəxslər barədə cinayət işi başlatmalıdır. Məhz bu şəraitdə binanın sökülməsi deyil, dövlət nəfinə müsadirə olunması gündəmə gələ bilər.

Digər məsələ isə binanın qanunsuz olaraq, tikinti normalarına uyğun olmadan tikilməsidir. Yəni orda binanın tikilməsinə qanun icazə verməməsinə baxmayaraq, bu tikiliyə hansısa məmurun xüsusi göstərişi ilə icazə sənədləri verilibsə, bina arxitektura, yanğın təhlükəsizliyi və s. tələblərə uyğun deyilsə və s. – bu halda onun müsadirə edilməsi və dövlətin balansına keçməsi mümkün deyil, mütləq sökülməlidir.

Məhkəmənin qərarı tam halda elan edilmədiyi üçün biz bu halın hansının baş verdiyini bilmirik. Ona görə də sosial şəbəkələrdə binanın sökülməsi əvəzinə müsadirə edilməsinin vacibliyi barədə səslənən fikirlər birtərəflidir”.

2
Axar.az