Bəzi insanlarla ünsiyyət qurmaq digərlərindən daha çətin olur.
HİT.az xəbətr verir ki, "YourTango" nəşrinin yazdığına görə, belə insanlar tez-tez kobud, laqeyd və başqalarını kiçiltməyə yönəlmiş ifadələr işlədirlər. Psixologiya mövzusunda olan bu müşahidələr elmi qayda deyil, ümumi davranış nümunələrinə əsaslanan şərhlərdir.
Nəşrin diqqət çəkdiyi 9 ifadə bunlardır:
1. "Yəqin ki, bu, xoş hissdir"
Bu ifadə çox vaxt qısqanclıq və ya narazılığın gizli forması kimi işlədilir. Qarşı tərəfin uğurunu təbrik etmək əvəzinə, onun nəticəni hansısa üstünlük və ya kömək sayəsində əldə etdiyini ima edir.
2. "Mən bilirdim ki, belə olacaq"
Həmişə haqlı görünmək istəyən insanlar tez-tez bu ifadədən istifadə edirlər. Onlar səhv etdiklərini qəbul etməkdə çətinlik çəkir və məsuliyyəti başqalarının üzərinə yönəltməyə meyilli olurlar.
3. "Bu, sadəcə zarafat idi"
Kobud və ya incidici sözlər dedikdən sonra məsuliyyətdən yayınmaq üçün işlədilən ən yayğın ifadələrdən biridir. Nəşr qeyd edir ki, təhqiri "zarafat" adlandırmaq onu məqbul etmir.
4. "Mən belə insanam, dəyişə bilmərəm"
Bu ifadə davranışa görə məsuliyyəti qəbul etməməyin bir yolu kimi təqdim olunur. Halbuki insanlar istədikləri halda davranışlarını dəyişə bilərlər.
5. "Bu, çox axmaq seçim idi"
Belə ifadələr adətən dəstək vermək məqsədi daşımır. Onlar başqasını alçaltmaq və tənqid etməklə özünü daha üstün göstərmək cəhdi kimi qiymətləndirilir.
6. "Bəs səncə, mən nə deməliyəm?"
Nəşrin fikrincə, bu cür sözlər insanın öz davranışına görə məsuliyyət daşımaq istəmədiyini və qərar verməyi başqalarının üzərinə qoyduğunu göstərə bilər.
7. "Bunu kim maraqlandırır ki?"
Bu ifadə başqasının hisslərini və ya sevincini kiçiltmək üçün istifadə olunur. Məqsəd qarşı tərəfin həvəsini azaltmaq və mövzunu əhəmiyyətsiz göstərməkdir.
8. "Bu hələ heç nədir, sən bir mənim başıma gələni eşit..."
Belə insanlar söhbətin diqqət mərkəzində başqalarının olmasına dözə bilmirlər. Onlar tez-tez söhbəti özlərinə yönəltməyə və yaşadıqlarını daha böyük problem kimi təqdim etməyə çalışırlar.
9. "Həyat ədalətsizdir"
Bu ifadə çətin vəziyyətlərdə hər kəs tərəfindən işlədilə bilər. Lakin nəşrin fikrincə, bəzi insanlar bunu davamlı şəkildə özlərini qurban kimi göstərmək və ətrafdakılardan daim diqqət gözləmək üçün istifadə edirlər.
Mütəxəssislər bildirirlər ki, ayrı-ayrı ifadələrin işlədilməsi təkbaşına insanın xarakteri barədə qəti nəticə çıxarmağa əsas vermir. Davranışı qiymətləndirərkən onun davamlılığı, konteksti və ümumi ünsiyyət tərzi nəzərə alınmalıdır.
Samir


