Utanmasan oynamağa nə var?

ÖLKƏ
13:42 / 23.04.2022
1745

Orxan Saffari

Sosial şəbəkələr, xüsusi ilə Tiktok Azərbaycanda geniş kütləyə çatandan sonra yaranan bəzi məqamlar, yəqin ki, digər yerdə qalan böyük kütlənin də xoşuna gəlmədi. Şahidi olmaq üçün həmin videoların şərh yerinə yazılan bərli-bəzəkli sözləri görmək olar. Məni bir sosial şəbəkə istifadəçisi, qismən ziyalı olaraq narahat edən məsələ, camaatın harda gəldi bambılı kimi oynayıb, üzr istəyirəm, hoppanıb düşüb, şadlığına şıllağ atıb paylaşmaqlarıdır. Həmin videolara baxıram, baxıram, hərdən də şərh yazıram ki, hansı gününə oynayırsan, a yetim?! Ya da, "it də belə oynamaz, qurd da belə oynamaz, ağızz bırra heeey". 

Xahiş edirəm, səhv anlamayın. Ümumi olaraq azad və rahat adamam. Kiminsə oynaması, şənlənməsi məni narahat etmir və hər kəsin belə bir azadlığı olduğunu düşünürəm. Rəqs gözəl olanda, insanlar əylənməyi bacaranda, əksinə, xoşuma da gəlir. Kompleks etməmək də gözəldir. Amma və lakin oynamağın da təhəri var, qaydası var, abır var, həya var. 

"8 min pul alıblar məndən, oynamaqlarına bax"

Bığlı-saqqallı kişilərin, saçı ağarmış bibi-xalaların da bu düşüklüyə aludə olması göz zövqümü əməlli korlamaqdadır. Xeyirdə-şərdə ömrümüzə məzmunsuz məsləhətləri ilə girən adamlar, sosial şəbəkələrdə qabağımıza bambılı trend musiqilərlə gəlir. 

Belə yerdə şair yaxşı deyib:

"Bidə belə, bidə elə, eliyə bilərsən belə?!" 

Əslində, bu xalqı oynamaqda qınamaq da olmaz. Çünki rəqs bizim genetikamızda var, bizi ifadə edən məsələlərdən biridir. Baş verən istənilən faciədən asılı olmayaraq Azərbaycan xalqı heç vaxt oynamağı unutmayıb. Bir Hind kinolarındakı aktyorlardı, bir də biz, harda gəldi qol-budaq qaldırırıq. Tarixin qayaüstüləri də elə Allah işarəsi. 

Bir sözlə, Azərbaycan xalqı sevincini rəqs etməklə ifadə edir, stressini rəqs etməklə atır. Bu səbəbdəndir ki, toylara bu qədər üstünlük verilir, sonra həmin toyda mahnı sifariş verilir, başqa bir oynağan həmin mahnını kəsir, ondan sonra da nə yemisən, turşulu aş. 

"Utanmasan oynamağa nə var?!" 

Azərbaycan xalqı müharibənin ən qızğın məqamında da oynamağı unutmur, çünki dediyim kimi, bu, bizim genetikamızdır. 

Amma və lakin, halbuki, isə bir də dediyim kimi tiktok, digər sosial şəbəkə mənzərələri görüntünü də, gözəl rəqslərimizi də korlayır. Yiyəsiz-yiyəsiz oğlan-qız uşaqları düşüb ortalığa, ən bambılı şəkildə hoppanıb düşür. Barı bir qəşəng də oynayalar? Adamı yandırmaz, Allah aqqı. Arxasından başqa göstərməyə bir şeyi olmayan qızlarımız yarı çılpaqlıqla diqqət çəkməyə çalışır, kələ-kələ, irağ canavardan, canavar kimi oğlanlar da dönür arizona kərtənkələsinə oxşadır özünü. 

Elə həmin videolara baxanda ən yaxşı halda bu sözü demək istəyirsən; 

"Utanmasan oynamağa nə var?!"

0