Türkiyənin Kütahya vilayətində aparılan arxeoloji qazıntılar zamanı təxminən 4 min il əvvələ aid it pəncəsinin izi aşkarlanıb. Tunc dövrünə aid kərpic üzərində qorunub saxlanılan bu iz minilliklər əvvəl Anadolu ərazisində insanların itlərlə birgə yaşadığına dair maraqlı məlumatlar verir.
HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
Tapıntı təxminən 8 min il əvvəl salınmış Tavşanlı Höyük yaşayış məskənində aparılan qazıntılar zamanı üzə çıxıb. Araşdırmaçıların fikrincə, kərpic təxminən 4 min il əvvəl baş vermiş yanğın nəticəsində dağılmış evin divarına aid olub.
Ehtimal edilir ki, kərpic hazırlanarkən qurumağa qoyulan yaş gilə ərazidə dolaşan it basıb. Heyvanın pəncə izi isə sonradan tikilinin bir hissəsinə çevrilən kərpicin üzərində qalıb və bu günədək qorunub.
Tavşanlı Höyük qazıntılarının rəhbəri, professor Erkan Fidan bildirib ki, itlərin Anadolu ərazisində insanlarla birgə yaşamasının tarixi çox qədimdir. Onun sözlərinə görə, Tunc dövründə itlər yaşayış məskənlərində gündəlik həyatın adi bir hissəsi olub.
Fidan bu il “Nature” jurnalında dərc olunan başqa bir araşdırmanı da xatırladıb. Həmin tədqiqat zamanı Türkiyədəki Pınarbaşı yaşayış məskənində təxminən 15 min 800 il əvvələ aid it qalıqları aşkar edilib. Genetik analizlər onların əhliləşdirilmiş itlərə məxsus olduğunu təsdiqləyib. Bu nümunələr dünyada indiyədək müəyyən edilmiş ən qədim it qalıqları arasında göstərilir.
Pınarbaşı ərazisində balaca itlərin məqsədli şəkildə basdırılması da diqqət çəkən məqamlardandır. Alimlər bunu insanlar və itlər arasında yaxın münasibətlərin mövcudluğuna işarə kimi qiymətləndirirlər. Yaxınlıqdakı Boncuklu yaşayış məskənində də erkən Neolit dövrünə aid insanların itlərlə birlikdə dəfn edildiyini göstərən arxeoloji sübutlar var.
Tədqiqatçılar hesab edirlər ki, bu faktlar itlərin yalnız ovçuluq və mühafizə məqsədilə saxlanılmadığını, insanların onlara yoldaş kimi də yanaşmış ola biləcəyini göstərir. Bununla belə, Tavşanlı Höyükdə tapılan pəncə izi konkret itin ev heyvanı olduğunu sübut etmir. Erkan Fidan da heyvanın kiməsə məxsus olub-olmadığını müəyyənləşdirməyin mümkün olmadığını vurğulayıb.
İtlərin nə vaxt və harada əhliləşdirilməsi məsələsi isə hələ də elmi mübahisə mövzusudur. Bu prosesin son 40 min il ərzində müxtəlif dövrlərdə və bir neçə ərazidə baş vermiş ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, itlərin minilliklər əvvəlki izlərinə İtaliyada da rast gəlinib. Ölkənin şimal-qərbində yerləşən mağarada təxminən 14 min 400 il əvvələ aid it pəncəsi izləri aşkarlanıb. Alimlər həmin izlərin əhliləşdirilmiş itlərə məxsus olduğunu düşünürlər. Maraqlı məqam odur ki, mağaradakı pəncə izləri insan ayaq izlərinin üzərinə düşür. Bu isə itin həmin əraziyə insanlarla birlikdə daxil ola biləcəyini göstərir.
Samir


