Azərbaycanda distant təhsilə keçid üçün hazırlıq gedir

ÖLKƏ
10:43 / 13.05.2022
2283

Bir çox ölkələrdə distant təhsil tətbiq olunur, həmin təhsilin diplomu da rəsmən tanınır. Ancaq ölkəmizdə təhsilin distant forması ilə bağlı şərtlər bir az fərqlidir. Bu yaxınlarda mediaya açıqlama verən təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda distant təhsil formasının tətbiqi istiqamətində işlər görülür və yaxın zamanlarda yeni sistemin işə salınacağı gözlənilir.

Distant təhsil nə vəd edir?

Təhsil eksperti Elçin Süleymanov ölkəmizdə tətbiq olunacaq distant təhsillə bağlı fikirlərini Modern.az-la bölüşüb.

Ekspert bildirib ki, distant təhsil bütün dünyada istifadə olunur və artıq günün reallığıdır:

“Ölkədə bəzən bunu qiyabi təhsillə qarışdırırlar. "Təhsil haqqında" Qanunda təhsilin əyani, qiyabi və distant olmaqla üç forması göstərilib. Distant təhsil əyani təhsilin bir formasıdır. Pandemiya dövründə distant təhsilin faydalarını gördük. Məktəblər, universitetlər bağlı idi, amma təhsil davam edirdi. Artıq texnologiya o qədər inkişaf edib ki, distant təhsilə keçid edə bilərik. Distant təhsilin əyani təhsilə nisbətən müəyyən problemləri var. Bir çox inkişaf etmiş ölkələr illərdir distant təhsil verir və verdikləri diplom da kifayət qədər ciddidir.

Fərq ondadır ki, onlar distant təhsilə başlayanlardan müəyyən texniki infrastruktur tələb edirlər. Müəyyən standartlar tətbiq olunduqdan sonra distant təhsilin faydası daha çoxdur. Belə olan zaman xaricdən ölkəyə gələ bilməyən mütəxəssisləri də prosesə əlavə etmək olar. Bəzən xaricə getmədən də həmin ölkənin universitetlərində təhsil almaq olar. Yetər ki, bu distant təhsil verən qurumun akkreditasiya, qiymətləndirmə, ölçmə standartı olsun. Hazırda Milli Məclisdə aparılan müzakirələrdə distant təhsillə bağlı xüsusi maddə var”.

Mövzu ilə bağlı fikirlərini bildirən ekspert Kamran Əsədov Modern.az-a söyləyib ki, dünya ölkələri ötən əsrin 60-ci illərindən etibarən distant təhsil xidməti göstərirlər və bundan çox böyük gəlir əldə edirlər.

Onun sözlərinə görə, Azərbaycandan xaricə gedən gənclər arasında distant təhsil alan kifayət qədər tələbələrimiz var:

"Ölkəmizdə distant təhsil ona görə tanınmır ki, bu formada təhsil alanların hansı müddət ərzində tədris prosesində iştirak etdiklərini, hansı alətlər vasitəsilə bilik və bacarıqlara yiyələndiklərini yoxlayıb ölçə bilmirik. Məsələn, xaricə oxumağa gedən şəxslərin bilik və bacarıqlarını yoxlaya bilirik, ən azından sərhəd xidməti ilə sorğu əsasında yoxlayırıq ki, həmin şəxslər o ölkə ərazisində nə qədər olublar. Nazir deyir ki, xarici ölkələrdə təhsil alanların diplomu tanınmır, biz bunun tanınması üçün mexanizm işləməliyik”.

K. Əsədov deyib ki, Azərbaycanda da distant təhsil tətbiq olunarsa, vaxt məsələsi və digər problemlər aradan qalxar:

“Koronavirus pandemiyası zamanı distant təhsilin müsbət tərəfi ilə bərabər mənfi tərəfləri də var idi. Ancaq tam tətbiq olunarsa, o problemlər də aradan qalxacaq. İnsanların təhsil alma hüququ məhdudlaşdırılır. "Təhsil haqqında" Qanunda distant təhsil forması var. İnsanlar qanunu əsas götürərək, gedib xaricdə ali təhsil alırlar, biz də bu diplomu tanımırıq. Məncə, diplomların tanınması üçün yaradılacaq mexanizmdə həmin şəxslərin təhsil aldığı portalı yoxlamalıyıq ki, onlar nə qədər müddətdə orada olublar. Əgər həmin mexanizm tətbiq olunarsa, gənclər distant təhsil almaqdan çəkinməzlər”.

0