1972-ci ildə fiziklər uran filizi nümunələrindən birində qeyri-adi izotop tərkibi aşkar edərək Yer tarixinin ən maraqlı geoloji kəşflərindən birinə imza atıblar. Sonrakı araşdırmalar göstərib ki, Qabondakı "Oklo" yatağında təxminən 2 milyard il əvvəl təbii nüvə parçalanması prosesi baş verib.
HİT.az xəbər verir ki, "IFLScience" nəşrinin məlumatına görə, uran nüvə reaktorlarının əsas yanacaq növlərindən biridir. Yer qabığında təbii şəkildə rast gəlinən bu ağır metal əsasən iki izotopdan – uran-238 (U-238) və uran-235-dən (U-235) ibarətdir. Məhz U-235 izotopu nüvə parçalanmasını təmin etdiyi üçün atom energetikasında xüsusi əhəmiyyət daşıyır. Lakin təbii uranın cəmi 0,720 faizi U-235 izotopundan ibarətdir.
1972-ci ildə Qabondakı "Oklo" uran yatağından götürülmüş filiz nümunələrinin tədqiqi zamanı alimlər nümunələrdən birində U-235 izotopunun payının 0,717 faiz olduğunu müəyyən ediblər. İlk baxışda cüzi görünən bu fərq elm adamlarının diqqətini cəlb edib.
Əvvəlcə tədqiqatçılar filizin süni şəkildə, məsələn, nüvə reaktorunda istifadə olunduğunu ehtimal ediblər. Lakin sonrakı araşdırmalar onun tamamilə təbii mənşəli olduğunu təsdiqləyib.
Bununla yanaşı, nümunədə nüvə parçalanması nəticəsində yaranan məhsulların izləri də aşkarlanıb. Bu isə filizin həm təbii, həm də nüvə parçalanmasına məruz qalmış material olduğunu göstərib.
Əlavə təhlillər nəticəsində alimlər belə qənaətə gəliblər ki, "Oklo" yatağında yerləşən uran filizi təxminən 2 milyard il əvvəl təbii şəraitdə öz-özünə nüvə parçalanması reaksiyasına məruz qalıb.
Mütəxəssislərin izahına görə, belə reaksiyanın baş verməsi üçün yataqda zəncirvari reaksiyanı başlatmağa kifayət edəcək kritik kütlə mövcud olmalı idi. "Oklo" yatağında U-235 izotopu qalın laylar şəklində toplandığından bu şərt yerinə yetirilmişdi.
Bundan əlavə, reaksiya zamanı yaranan neytronların sürətini azaldan moderator maddənin də olması vacib idi. Müasir nüvə reaktorlarında bu məqsədlə əsasən sudan istifadə olunur.
Alimlər hesab edirlər ki, təxminən 2 milyard il əvvəl "Oklo" yatağında mövcud olan yeraltı sular neytronları ləngidərək təbii nüvə reaksiyasının davam etməsinə şərait yaradıb. Bununla belə, tədqiqatçılar Yer tarixində belə hadisənin yalnız bir dəfə baş verdiyini qəti şəkildə söyləyə bilmirlər.
Samir


