Kornell Universitetinin tədqiqatçıları istifadəsi başa çatmış batareyaları yenidən işlək vəziyyətə gətirən yeni üsul hazırlayıblar. Kimyəvi məhlul vasitəsilə elektrodları təmizləyən bu texnologiya batareyanın ilkin tutumunun təxminən 95 faizini bərpa etməyə imkan verir və təkrar emal xərclərini təxminən iki dəfə azaltmağı hədəfləyir.
HİT.az xəbər verir ki, batareya tullantıları probleminin həlli istiqamətində mühüm addım atılıb. Kornell Universitetinin alimləri istifadə müddəti başa çatmış batareyaların tutumunu demək olar ki, ilk günkü səviyyəyə qaytara bilən üsul kəşf ediblər. Dr. Vibha Kalra və komandasının hazırladığı yeni elektrokimyəvi vannanın təkrar emal proseslərində həm xərcləri, həm də səmərəliliyi əhəmiyyətli dərəcədə dəyişdirə biləcəyi bildirilir. Xüsusi hazırlanmış maye məhlul elektrodları sökmədən və zədələmədən yeniləyərək tutumun 95 faizədək bərpasını mümkün edir.
Elektrikli avtomobil bazarının sürətlə böyüməsi litium-ion batareyalara tələbatı durmadan artırır. Təkcə ABŞ-də hər il təxminən 180 min ton batareya tullantısı yaranır ki, bu da həm ətraf mühit üçün ciddi problem, həm də iqtisadi yük hesab olunur. Təkrar emal şirkətləri üçün hazırlanmış yeni sistemin əməliyyat xərclərini təxminən 56 faiz azaltmaq potensialına malik olduğu qeyd edilir. Texnologiya batareyaların istismar müddətini uzatmağı, tullantıları azaltmağı və ətraf mühitə təsiri minimuma endirməyi hədəfləyir.
"Energy & Environmental Science" jurnalında dərc olunan məlumata görə, sistem "birbaşa elektroddan elektroda regenerasiya" adlanan proses əsasında işləyir. Tərkibində 1,3-dimetil-2-imidazolidinon olan kimyəvi həlledici vannası batareyada enerji itkisinə səbəb olan izolyasiyaedici təbəqəni tamamilə təmizləyir. Bu üsul elektrodları toz halına salmadan bərpa edir və onların birbaşa yenidən yığılmasına imkan yaradır.
Bununla belə, texnologiyanın qarşısında hələ də bir sıra maneələr qalır. Hazırkı mərhələdə üsul məişətdə istifadə üçün uyğun deyil və sənaye miqyaslı iri batareyalar üzərində də sınaqdan keçirilməyib. Bundan əlavə, litium itkisi kimi daha dərin struktur pozuntularının bu üsulla aradan qaldırılıb-qaldırıla bilməyəcəyi hələ dəqiq məlum deyil. Buna baxmayaraq, mütəxəssislər hesab edirlər ki, xammal qıtlığı fonunda belə bərpa texnologiyaları davamlı gələcək üçün artıq seçim deyil, zərurətdir.
Samir


