London kanalizasiya sisteminə hər il 300 vanna həcmində beton tökülür - Səbəb nədir?

DÜNYA
21:18 / 03.07.2026
38

Böyük Britaniyanın "Thames Water" şirkəti bildirib ki, tikinti tullantılarının düzgün utilizasiya edilməməsi səbəbindən hər il Londonun kanalizasiya sisteminə təxminən 300 vanna həcmində beton düşür. Şirkətin məlumatına görə, bu tullantıların təmizlənməsi hər il təxminən 1,6 milyon funt sterlinqə başa gəlir.

HİT.az xəbər verir ki, Britaniya ITV kanalının xəbərinə əsasən, "Thames Water" şirkəti London və Temza vadisində yaşayan 16 milyon nəfərə su təchizatı, kanalizasiya və çirkab suların təmizlənməsi xidmətləri göstərir.

Şirkət tikinti şirkətlərini beton tullantılarının utilizasiyasına daha məsuliyyətlə yanaşmağa çağırıb. Bildirilir ki, kanalizasiya şəbəkəsinə düşən betonun təmizlənməsi üçün hər il təxminən 1,6 milyon funt sterlinqdən (2 milyon ABŞ dollarından çox) artıq vəsait xərclənir.

"Şirkətləri beton tullantılarının utilizasiyası zamanı daha diqqətli olmağa çağırırıq. Bu cür halların qarşısının alınması kanalizasiya şəbəkəsinin zədələnməsinin qarşısını alar. Hazırda bu problemə sərf olunan vaxt və resurslar əslində infrastrukturun modernləşdirilməsinə yönəldilə bilər", deyə "Thames Water"un Şimali London üzrə tullantıların idarə edilməsi şöbəsinin rəhbəri Tim Devis bildirib.

Onun sözlərinə görə, kanalizasiya sistemindən bərkimiş betonun çıxarılması olduqca mürəkkəb prosesdir. Bir çox hallarda əvvəlcə yüksək təzyiqli xüsusi kəsici avadanlıqlardan istifadə edilərək beton parçalanır, yalnız bundan sonra onun təhlükəsiz şəkildə çıxarılması mümkün olur.

Tim Devis qeyd edib ki, bu əməliyyat bahalı texnika, çoxsaylı ixtisaslı mühəndislər və xeyli vaxt tələb edir ki, bu da xərclərin artmasına səbəb olur.

Məqalədə xatırladılır ki, Böyük Britaniya daha əvvəl tərkibində plastik olan birdəfəlik nəm salfetlərdən mərhələli şəkildə imtina etmək qərarına gəlib. Belə salfetlərin əksəriyyətində möhkəmliyi təmin edən plastik liflər mövcuddur. Onlar təbiətdə illərlə parçalanmır və kanalizasiyaya atıldıqda boruların tutulmasına, daha sonra isə mikroplastik şəklində çay və dənizlərə yayılmasına səbəb olur.

Samir
 

0