1971-ci ilin bu mahnısı bu gün də radio klassikası hesab olunur - VİDEO

MƏDƏNİYYƏT
21:57 / 03.07.2026
53

Amerikalı musiqiçi "Lobo"nun 1971-ci ildə təqdim etdiyi "Me and You and a Dog Named Boo" mahnısı aradan onilliklər keçməsinə baxmayaraq, hələ də radio efirlərində səslənən ən məşhur klassik hitlərdən biri hesab edilir.

HİT.az xəbər verir ki, "Parade" nəşrinin məlumatına görə, amerikalı müğənni və bəstəkar Roland Kent LaVua, səhnə adı ilə "Lobo", məhz bu debüt sinqli ilə geniş şöhrət qazanıb.

"Me and You and a Dog Named Boo" mahnısı yayımlandıqdan sonra "Billboard" hit-paradının ilk onluğuna daxil olub və uzun müddət beşinci pillədə qərarlaşıb. Daha sonra isə "Adult Contemporary" musiqi cədvəlinə liderlik edərək iki həftə ərzində birinci yerdə qalıb.

Mahnının süjeti avtomobillə ölkəni gəzən bir cütlük və onların Bu adlı çoban iti ətrafında qurulub.

"Lobo" bildirib ki, mahnını yazarkən əvvəlcə sevgilisi ilə səyahət haqqında sözlər üzərində işləyirdi. Lakin uyğun qafiyə tapa bilmədiyi üçün mətnə "Bu adlı it" obrazını əlavə etmək qərarına gəlib.

"Mən ölkəni qızla birlikdə gəzmək haqqında mahnı yazırdım və "sən və mən" ifadəsinə uyğun qafiyə tapmağa çalışırdım. İstədiyimi ifadə edəcək variant tapa bilmədim. Sonra düşündüm: "Bəs mahnıya Bu adlı iti əlavə etsək necə olar?" Hər şey bundan sonra öz yerini tapdı. Mahnıda adı çəkilən yerlərin əksəriyyətində olmamışdım. Yalnız Corciyada olmuşdum, amma Minneapolis və Los-Anceles kimi səslənən şəhər adlarını seçdim", deyə musiqiçi xatırlayıb.

"Me and You and a Dog Named Boo" sonradan radio stansiyalarının repertuarında daimi yer alıb. Mahnı həmçinin "Big Love" və "Veronica Mars" televiziya seriallarının saundtreklərində də istifadə olunub.

Soft-rok, pop və kantri üslublarını birləşdirən kompozisiya sadə melodiyası və yaddaqalan mətninə görə müxtəlif ölkələrdə populyarlıq qazanıb.

Aradan 55 ildən çox vaxt keçməsinə baxmayaraq, "Me and You and a Dog Named Boo" azadlıq, səyahət və 1970-ci illərin nostalji ab-havasını simvolizə edən musiqi nümunələrindən biri kimi qiymətləndirilir.

Samir
 

0