"Futbola baxan və Çingiz Abdullayev oxuyan qızlar"

ÖLKƏ
18:31 / 21.11.2022
1114

Yəqin ki, zəhlə tökən qadınlar sırasına futbola baxan, daha doğrusu, xüsusi bir anlayışı olmasa da, özünü yaşıl meydanların əvəz olunmazı hesab edən, hansısa yaxşı futbolçunun bir klubdan başqa bir kluba transferinə, sevgilisindən ayrılırmış kimi reaksiya verən qadınları da əlavə etmək lazımdır. Yenə futbola baxmayanların dır-dırına filan birtəhər dözmək olur, baxanlar isə əməlli dözülməzdirlər.

Yoxsa ki, Qarabağ futbol klubunun qapıçısı Şahruddin, bir qadının diqqətini nə qədər çox çəkə bilər? Şahruddin senin neyine?! Yaxud da, götürək Əfran İsmayılov, Mahir Emrelini.

Ümumiyyətlə, futbola baxan qız görəndə, istəyirəm, zirzəmidən qışda bağlanan badımcan ikrasını çıxardıb, verim əlinə ki, gələ, mən aça bilmədim, sən aç ver. O da bankanın altından əlinin içi ilə vurub, ayaqlarının arasına qoyub, qapağını sıxıb, açsın.

Artıq anladınız ki, bügunki hədəfim, yazıda hüçumçu rolunda oynayaraq, qəfil atak edəcəyim futbol sevdalısı qızlardır. 

Düzdü, hamı seçimlərində azaddır, kim nəyi, necə istəsə sevə bilər, amma kaşki bunu istisna edə bilsəydik. Futbolu sevən qızlar haqqında nəsə bir tədbir görüləydi. Xüsusi, qadınlar üçün amansız cəza tədbirləri. Məsələn, deyilərdi ki, bir oyuna baxmaq, 1 ay makiyajsız gəzmək cəzasıdır. Təsəvvür edin, bir ay bir qadın makiyaj etmir. Aman Allah, bu ki, dəhşətdir. Görüm, ondan sonra baxacaqlarmı? Hay baxdılar ay.

Deyəsən, bizim qızların futbola baxmaq sevdası, son illər daha çox yayılmaqdadır. Bu, "Kara sevda" filan deyil. Başqa söhbətdir. Ötəridir, həvəsdir. Özləri etiraf etməsələr də, bir ara sevdikləri oğlan futbol həvəskarı idi deyə, bir çox qızlar da başlayırdılar ki, bəs demirsənmi bu oyun satılıb? Hakimə bax sən! Nə bilim, əlacları olsaydı, meydana girib, oyunçuları sarı-qırmızı kart zad da verərdilər. Bir də görürsən, penalı vura bilməyəni söyüb eliyirlər ki, kasoysan, ala? Düz vur da. Hələ bunun ofsaytı var. Pəəh. Həngamə ordadı. Televizordan hakimi öldürür ki, orda ofsayt var idi, ə? 

Tam səmimi, bir-iki dəfə qıraqdan futbola oğlan kimi baxan qız gördüm, diksindim. 

Sizə deyim ki, mən bu tip qızların ədəbiyyatda hansı tip qızlarla uyğun olduqlarını da tapmışam. Onlar ya bacıdırlar, ya da padruşka. 

Ədəbiyyata aid o qızlar xüsusi ilə Çingiz Abdullayev, Elxan Elatlı, Rövşən Abdullaoğlu fanatı olurlar. Ən sevimli və ilk oxuduqları kitab isə "Sen 17 yaşımsın"dır.

Onlar elə bilirlər ki, bu tip kitablardan başqa kitab, bu yazıçılardan başqa yazıçı yoxdur.  Kitab söhbətləri də düşəndə adamı öldürürlər ki, bəs biz oxucuyuq, yazıçı da bunlardır. Nəyisə izah edə bilərsən? Əsla. Çingiz Abdullayevin özündən verməli olduğu hesabatı istəyə bilmirsən, istəyəndə də adamın üzünə söyür. İndi durub onun oxucularına nəsə deyə bilərsən?  

Futbola baxanlar da elə. Artıq oğlanlara az qala oğlan gözüylə baxmasınlar. Futbola baxmayan oğlanlara gey kimi münasibət göstərirlər. Darbe zad olanda adam saymırlar, ərlərini ər yerində görmürlər. Özlərinə sevgili seçimlərini də futbola baxıb-baxmayanlar arasında edirlər. Bəli, bu cür mənasız bir stiuasıyadır. Nə deyim? Tanrı özü kömək olsun, özü də, ömrünün son anlarında. Təxminən, 90+ dəqiqədə vurulan qol kimi.

Orxan Saffari

1