Parklar insanları daha xoşbəxt etməsə də, onların daha az qəzəblənməsinə kömək edir

SAĞLAMLIQ
20:57 / 12.09.2026
47

Yaşıllıqla zəngin ərazilərdə yaşamaq Cənubi Koreya sakinlərini nəzərəçarpacaq dərəcədə daha xoşbəxt etməsə də, narahatlıq, kədər və qəzəb də daxil olmaqla mənfi emosiyaların daha aşağı səviyyədə olması ilə əlaqəli olub. Bu nəticəyə Yonqinin Tədqiqatlar İnstitutunun alimləri və onların həmkarları gəliblər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “Applied Research in Quality of Life” jurnalında dərc olunub.

Alimlər COVID-19 pandemiyası zamanı Cənubi Koreya sakinləri arasında keçirilmiş ümummilli sorğunun məlumatlarını araşdırıblar. Həmin dövrdə insanlar uzunmüddətli məhdudiyyətlər və artan psixoloji təzyiqlə üzləşiblər. Tədqiqatçılar iştirakçıların cavablarını peyk müşahidələrinin məlumatları ilə müqayisə ediblər. Bu məlumatlar inzibati ərazilərdə bitki örtüyünün sıxlığını müəyyənləşdirməyə imkan verib. Belə yanaşma yaşıllıq səviyyəsini sakinlərin yaşadıqları ərazini nə dərəcədə yaşıl hesab etməsinə əsasən deyil, obyektiv məlumatlarla qiymətləndirməyə imkan yaradıb.

Müəlliflər müsbət və mənfi emosiyaları ayrıca qiymətləndiriblər. Birinci qrupa sevinc, məmnunluq və həyat eşqi, ikinci qrupa isə narahatlıq, kədər, qəzəb və digər xoşagəlməz hallar daxil edilib. Bitki örtüyünün daha yüksək sıxlığı müsbət emosiyalarla davamlı şəkildə əlaqələndirilməyib. Bununla yanaşı, daha yaşıllıq ərazilərdə yaşayan insanların mənfi emosiyaları daha az yaşadığı müəyyən olunub. Bu əlaqə həm müxtəlif ərazilərin bir-biri ilə müqayisəsində, həm də fərdi səviyyədə müşahidə edilib.

Tədqiqatçılar hesab edirlər ki, yaşıllıq məkanları xoş əhval-ruhiyyə mənbəyindən daha çox stresə qarşı bir növ qoruyucu mexanizm rolunu oynaya bilər. Alimlər mənfi emosiyaların azalmasına təsir göstərə biləcək digər amilləri də nəzərə alıblar. Buna görə onlar narahatlıq və ya qəzəb səviyyəsinin aşağı düşməsinə yalnız parkların təsir etdiyini iddia etmirlər.

Samir
 

0